Özəl

Qənddə normanı aşan maddə aşkarlandı — Risklər

Qənddə normanı aşan maddə aşkarlandı — Risklər

Qida məhsullarında normadan artıq kimyəvi maddələrin aşkarlanması istehlakçıların sağlamlığı baxımından diqqət çəkən məsələlərdəndir. Belə hallarda məhsulun istehsal prosesinin və təhlükəsizlik tələblərinə nə dərəcədə əməl olunmasının əhəmiyyəti artır.

Bəs qida məhsullarında kükürd dioksidin normadan artıq olması insan sağlamlığına necə təsir edə bilər və belə uyğunsuzluqların yaranmasının əsas səbəbləri nələrdir?

Demokrat.az-a bu barədə danışan qida eksperti Ağa Salamov bildirib ki, kükürd dioksidin normadan artıq və uzun müddət istehlak edilməsi xüsusilə astma xəstələri üçün sağlamlıq baxımından zərərli ola bilər.

Qənddə normanı aşan maddə aşkarlandı — Risklər

Onun sözlərinə görə, bronxial astması olan, allergiyası yüksək olan və s. insanlarda başgicəllənmə, baş ağrısı, burun axması kimi simptomlar yarada bilər:

"Düzdür, indi bu, bir ədəd qənd yeyənə aid deyil və yaxud iki qənd yeyənə aid deyil. Bunun normadan çox istifadə olunması halında təsiri meydana çıxa bilər.

Məsələ burasındadır ki, bu, birbaşa zəhərlənməyə səbəb olmasa belə, məhsulda kükürd dioksidin normadan artıq istifadə edilməsi özü sual doğurur. Mütəxəssis kimi hesab edirəm ki, burada əsas sual budur: normadan artıq istifadə nə deməkdir və məhsula niyə müəyyən edilmiş həddən daha çox kükürd dioksid əlavə olunur?

Əgər belədirsə, deməli, istehsal prosesində işə düzgün yanaşılmır. Məsələn, sahibkar qənd istehsalı ilə məşğul ola və dövlət tərəfindən dəstək ala bilər. Lakin istehsalçı öz işini düzgün həyata keçirmədikdə və məhsul insanların sağlamlığına mənfi təsir göstərdikdə, bu, ciddi suallar yaradır. Hətta təsirin nisbətən az olduğu və yalnız allergik reaksiyalara səbəb olduğu halda belə, bunun baş verməsinə ehtiyac yoxdur. Xüsusilə astma xəstələri üçün risk yarada biləcək belə halların qarşısının alınması vacibdir.

İşini bilməyən sahibkarların da iş fəaliyyəti dayandırılmalıdır. Ta ki, həmin işləri görə bilən mütəxəssislərlə işlədikdən sonra fəaliyyəti bərpa olunsun. Kükürd dioksid maddəsindən məhsulun rənginin açılması, daha şəffaf və ağ görünməsi məqsədilə istifadə olunur. Bu maddə yalnız qənd və ya şəkər istehsalında deyil, bir sıra digər məhsulların hazırlanmasında da tətbiq edilir.

Deməli, bu qatqı maddəsi məhsulun saxlanma müddətinin uzadılması və eyni zamanda rənginin açılması üçün istifadə olunur. Bəs sən bu qatqı maddəsinin istifadəsini niyə dozadan artıq etməlisən?

Mən düşünürəm ki, bu cür halların aşkarlandığı müəssisələrdə texnoloqların da fəaliyyətinin müvəqqəti dayandırılması məsələsinə baxılmalıdır. Çünki bu, ciddi problemdir. Astma və bronxial xəstəlikləri, nəfəs darlığı və yüksək allergik həssaslığı olan insanlar var. Belə məhsulların onların sağlamlığı üçün əlavə risk yaratmasına yol verilməməlidir".

Xatırladaq ki, ötən gün Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində emal olunan "№1", "Kəhraba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.