Qızılın qiymətində son günlər müşahidə olunan ucuzlaşma investorların diqqətindədir. Qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyi və hazırkı enişin müvəqqəti xarakter daşıyıb-daşımadığı isə bazardakı əsas suallardandır.
Bəs qızılın qiymətindəki ucuzlaşma qısamüddətli düzəliş kimi qiymətləndirilə bilərmi və qarşıdakı dövrdə qızıl bazarında hansı dinamika gözlənilir?
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin son dövrlərdə ucuzlaşmasının əsas səbəblərindən biri neft qiymətlərinin artmasıdır.
Onun sözlərinə görə, ilk baxışdan neftlə qızılın qiyməti arasında birbaşa əlaqə olmadığı düşünülə bilər:

"Lakin neftin bahalaşması enerji qiymətlərinin yüksəlməsinə, enerji xərclərinin artması isə iqtisadiyyatda ümumi qiymət səviyyəsinə təsir göstərir. Neftin qiymətinin yüksəlməsi nəticəsində istehsal və daşınma xərcləri artır. Enerji daşıyıcılarının bahalaşması müxtəlif sahələr üzrə məhsul və xidmətlərin maya dəyərinə təsir göstərdiyindən inflyasiya ilə bağlı gözləntilər də yüksələ bilər. Bu isə maliyyə bazarlarında investorların gələcək pul-kredit siyasəti ilə bağlı gözləntilərini dəyişir.
Xüsusilə ABŞ-da inflyasiya gözləntilərinin yüksəlməsi Federal Ehtiyat Sisteminin daha sərt faiz siyasəti həyata keçirə biləcəyi ilə bağlı ehtimalları artırır. Faizlərin yüksək səviyyədə qalacağı və ya pul-kredit siyasətinin sərtləşdirilə biləcəyi gözləntiləri isə qızıl bazarına təsir göstərən əsas amillərdən biridir.
Qızıl faiz gəliri gətirməyən investisiya aləti olduğundan faiz dərəcələrinin yüksəlməsi və ya yüksək faizlərin daha uzun müddət qüvvədə qalacağı gözləntiləri investorların qızıla marağına təsir göstərə bilər. Belə vəziyyətdə maliyyə bazarlarında alternativ gəlir imkanlarının cəlbediciliyinin artması qızıla olan tələbin zəifləməsinə və nəticə etibarilə qiymətin aşağı düşməsinə səbəb ola bilər.
Bu baxımdan neftin bahalaşması ilə başlayan proses inflyasiya gözləntiləri, ABŞ Mərkəzi Bankının faiz siyasəti və investorların davranışı üzərindən qızıl bazarına təsir göstərə bilər. Nəticədə ABŞ Mərkəzi Bankının daha sərt siyasət yürüdəcəyi ilə bağlı gözləntilərin güclənməsi qızılın qiymətinin ucuzlaşmasına səbəb olan amillərdən biri kimi çıxış edir".

