Şəmkir rayonunda 39 yaşlı qadın keçmiş həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun kəndlərindən birində baş verib. 1987-ci il təvəllüdlü Təhminə keçmiş həyat yoldaşı Pənaha (adlar şərtidir – red.) şiddət göstərib.
İstintaq sənədlərinə görə, onların övladları Ruslan Rusiyada polis tərəfindən saxlanılıb. Bu zaman isə boşansalar da, eyni evdə yaşayan cütlük övladlarının yanına getmək üstündə mübahisə ediblər.
Belə ki, Təhminə Rusiyada həbsdə olan oğlunu yoxlamaq, məsələni araşdırmaq məqsədilə həmin ölkəyə getmək istəyib. Amma Pənah keçmiş arvadının bu istəyinə qarşı çıxıb, onun Rusiyaya getmək niyyətinə etiraz edib.
Bu səbəbdən qaynaqlanan mübahisə zamanı Təhminə qaz sobasının üzərində olan qaşığı götürərək keçmiş ərinin baş nahiyəsinə zərbə vurub. Nəticədə Pənahın başının tüklü hissəsinin təpə nahiyəsi əzilib.
Təhminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Təhminə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evlərində olarkən keçmiş əri Pənahla mübahisəsi yaranıb:
"Pənaha oğlumun Rusiya Federasiyasında polis tərəfindən tutulduğuna görə yanına getmək istədiyimi bildirdim. Lakin o, buna razı olmadı. Mübahisə əsnasında qaz sobasının üzərində olan qaşıqla onun baş nahiyəsinə zərbə vurdum. Sonradan əməlimdən peşman oldum. Pənahla barışmışam".
İş üzrə zərərçəkmiş Pənah da təqsirləndirilən şəxsin ifadəsi ilə eyni məzmunlu ifadə verib. O, təqsirləndirilən şəxsin onun keçmiş arvadı olduğunu, onunla barışdığını, ona dəymiş zərərin tamamilə ödənildiyini, keçmiş arvadından şikayət və tələbinin olmadığını bildirib.
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

