Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib. Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonuna qədər 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.
Demokrat.az-a bu barədə danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycanda iqtisadi modelin ən ciddi problemlərindən biri istehsalçının rəqabət qabiliyyətini artıran mühitin formalaşdırılmamasıdır:

"İstehsalçı yüksək maliyyə xərcləri, logistika, enerji, vergi və inzibati prosedurların yaratdığı yük altında fəaliyyət göstərir. Nəticədə Azərbaycanda istehsal olunan məhsulun maya dəyəri yüksəlir və həmin məhsul xarici bazara çıxanda daha aşağı qiymətlərlə rəqabət aparmaqda çətinlik çəkir. Vint, bolt və qaykaların müəyyən növləri üzrə ixrac rüsumunun 1 ton üçün 15 dollardan 300 dollara qaldırılması da bu baxımdan ciddi müzakirə tələb edir. Söhbət idxal rüsumundan yox, ixrac rüsumundan gedir. Xarici bazara məhsul çıxaran yerli istehsalçının xərci artırılır. İstehsalçı onsuz da xarici bazarda qiymət, keyfiyyət və logistika üzrə rəqabət aparır. Bu xərclərin üzərinə əlavə rüsum gəldikdə, onun rəqabət imkanları daha da məhdudlaşa bilər. Azərbaycanın qeyri-neft ixracını artırmaq hədəfi varsa, hər bir belə qərarın nəticəsi əvvəlcədən hesablanmalıdır. Rüsumdan dövlət büdcəsinə daxil olacaq məbləğlə yanaşı, müəssisənin itirə biləcəyi ixrac bazarları, istehsal həcmi, valyuta gəliri, məşğulluq və əlavə dəyər də hesablanmalıdır. Bir qərarın fiskal gəlirini görüb onun iqtisadi xərcini nəzərdən qaçırmaq düzgün siyasət deyil. Məncə, ilk növbədə "maya dəyərinin azaldılması" milli iqtisadi siyasətin əsas hədəflərindən birinə çevrilməlidir. Bunun üçün istehsalçının xərc strukturunu ayrıca ölçmək lazımdır: enerji neçə faizdir, maliyyələşmə neçə faizdir, logistika nə qədərdir, vergi və inzibati prosedurlar nə qədər əlavə xərc yaradır? Hər sahə üzrə konkret azalma hədəfləri müəyyən edilməlidir".
İqtisadçı bildirib ki, bununla yanaşı, ixrac rüsumları üçün rəqabətlilik testi tətbiq edilməlidir:
"Rüsum artırılmazdan əvvəl qərarın müəssisənin maya dəyərinə, ixrac qiymətinə, xarici bazardakı rəqabət qabiliyyətinə və ixrac həcminə təsiri hesablanmalıdır. İstehsalçının xarici bazarda rəqabət imkanlarını zəiflədən qərarlar yalnız bu təsirlər qiymətləndirildikdən sonra qəbul edilməlidir. İkinci istiqamət istehsal kreditlərinin ucuzlaşdırılmasıdır. Uzunmüddətli və münasib faizli maliyyə resursları olmadan müəssisənin texnologiyasını yeniləməsi, məhsuldarlığı artırması və maya dəyərini aşağı salması çətindir. Dövlət dəstəyi kreditin sadəcə verilməsinə yox, investisiya, məhsuldarlıq, ixrac və məşğulluq nəticələrinə bağlanmalıdır. Üçüncü istiqamət vergi və inzibati yükün azaldılmasıdır. Təkrarlanan hesabatlar, icazələr, yoxlamalar və prosedurlar rəqəmsallaşdırılmalı, biznes üçün vaxt və xərc itkisi minimuma endirilməlidir. Vergi siyasətinin əsas məqsədi sahibkarı mümkün qədər çox ödənişə məcbur etmək yox, daha çox sahibkarın leqal fəaliyyət göstərməsini və daha böyük vergi bazasının yaranmasını təmin etmək olmalıdır. Dördüncü istiqamət logistika xərclərinin aşağı salınmasıdır. Azərbaycanın coğrafi mövqeyi böyük üstünlükdür, lakin bu üstünlük yalnız məhsulun rəqabətli qiymətlə xarici alıcıya çatdırılması mümkün olduqda iqtisadi dəyərə çevrilir. Zavoddan sərhədə, limana və xarici bazara qədər bütün logistika zənciri üzrə xərclər rəqib ölkələrlə müqayisə edilməlidir. Beşinci istiqamət ixrac edən müəssisələrin texnoloji yenilənməsinə və məhsuldarlığına bağlı təşviqlərdir. Vergi güzəştləri, investisiya dəstəyi və dövlət proqramları sadəcə müəssisənin mövcud vəziyyətini qorumağa yox, daha məhsuldar texnologiyaya keçidə, yeni məhsul yaratmağa və yeni bazarlara çıxmağa xidmət etməlidir. Ən vacib məsələ isə iqtisadi siyasətin ölçü vahidinin dəyişməsidir. Dövlət üçün əsas göstərici yalnız yığılan vergi və rüsum olmamalıdır. Yaradılan əlavə dəyər, yeni istehsal, ixrac gəliri, məhsuldarlıq, məşğulluq və sahibkarın beynəlxalq bazarda rəqabət qabiliyyəti əsas göstəricilərə çevrilməlidir. Çünki dünya bazarında Azərbaycan sahibkarına heç kim onun ölkəsindəki yüksək xərclərə görə güzəşt etmir. Xarici alıcı yalnız qiymətə, keyfiyyətə, çatdırılma müddətinə və etibarlılığa baxır. Azərbaycan iqtisadiyyatının gələcəyi üçün əsas məsələ sahibkarın xərclərini artırmaq yox, Azərbaycan məhsulunun dünya bazarında daha ucuz, keyfiyyətli və rəqabətli olmasını təmin etməkdir".

