Cəmiyyətdə peşələrə verilən sosial dəyər eyni deyil. Bəzi ixtisaslar daha nüfuzlu və prestijli hesab edildiyi halda, digər peşələrə münasibət daha fərqli ola bilər. Bu yanaşma insanların peşə seçiminə və əmək bazarındakı gözləntilərə də təsir göstərə bilər.
Bəs cəmiyyətdə bəzi peşələr niyə daha yüksək sosial statusla əlaqələndirilir?
Sosioloq Mətanət Məmmədova Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, cəmiyyətdə bəzi peşələr daha yüksək sosial statusla əlaqələndirilir.

Onun sözlərinə görə, insanın sağlamlığı, təhsili və gündəlik həyatı ilə bağlı olan bəzi sahələr daha yüksək sosial statusla əlaqələndirilir:
"İnsanların həyatında həkimin rolu böyükdür. İnsan həkimlə daha çox təmasda olur. Özünün, övladının, yaşlı insanların və qohumlarının sağlamlığı ilə bağlı həkimə daha çox müraciət edir. Ona görə də bu fikri cəmiyyətdə insanlar formalaşdırır. Bizim gündəlik həyat tərzimiz, məsələn, müasir dövrdə sosial platformalarda hər hansı bir sahənin mütəxəssisləri ilə bağlı paylaşımlarımız, həmin sahələrin bizə müsbət və mənfi təsirləri bu sahələri gündəmə çıxarır və daha aktual mövzuya çevirir.
Ancaq mən müəllimləri də deyərdim. Çünki bizim həyatımızda müəllimlər və müəllimlik sahəsi daha yüksək sosial statusla əlaqələndirilir. Bu da burada nəzərə alınmalıdır.
Digər tərəfdən, hüquqşünaslar da belədir.
Çünki hər birimiz gündəlik həyatımızda ailəmiz, uşaqlarımız, iş yerimiz, qonşularımız və digər sosial-məişət problemləri ilə bağlı hüquq məsləhətləri alırıq. Məhkəmələrə və digər hüquq xidmətlərinə müraciət edirik. Bütün bunlar həmin sahədə çalışan insanlara münasibətin formalaşmasına təsir edir.
Ona görə də cəmiyyətimizdə bəzi sahələr var ki, onlara baxış bucağı fərqlidir. Eyni zamanda, dediyiniz kimi, mühəndislərə də belə yanaşılır. Çünki onların işi də hər bir insanın gündəlik həyatında öz əksini tapır. Buna görə həmin peşələr yüksək sosial statusla əlaqələndirilir.
Bizim digər sahələrimiz də var. Elə bir sahə yoxdur ki, cəmiyyətə faydası olmasın. Bunu da unutmamaq lazımdır. Ancaq biz, ümumiyyətlə, daha çox müraciət etdiyimiz, daha çox işimiz düşən sahələri qabardırıq. Bu barədə yazılar yazırıq, söhbətlər edirik, fikirlərimizi yaxınlarımızla, rəfiqələrimizlə və dostlarımızla bölüşürük. Bunun nəticəsində də belə bir fikir formalaşır".
Sosioloq əlavə edib ki, müasir dövrdə isə hansı sahənin insanlar tərəfindən daha çox qabardıldığını görmək daha asandır:
"Çünki bizim əlimizin altında internet var. Artıq real həyatda olduğu kimi rəqəmsal platformalarda da aktivik. Həyatımızın çox saatlarını internet aləmində, yəni rəqəmsal platformalarda keçiririk. Burada məktublarımız, yazışmalarımız, paylaşımlarımız, bir-birimizə bildirdiyimiz iradlar, gördüyümüz işlərdən razı qalıb-qalmamağımız və digər münasibətlərimiz öz əksini tapır. Bütün bunlar yüksək sosial statusla əlaqələndirilən sahələri, peşələri və sənətləri daha çox gündəmə gətirir. Lakin hər bir sahənin mütəxəssisi cəmiyyət və onun gələcəyi üçün çalışır.
Bu gün bizim hansı sahəni qabartmağımızdan və ona yüksək sosial status verməyimizdən asılı olmayaraq, həmin sahələrin hər biri vacibdir. Onlardan hər hansı birinin olmaması cəmiyyətin normal fəaliyyəti və inkişafını çətinləşdirə bilər.
Götürək, məsələn, mətbuat sahəsini və digər sahələri. Tibbdən, təhsildən və mühəndislikdən başqa kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələr də var. Oradakı mütəxəssislərin roluna baxaq. Kənd təsərrüfatı mütəxəssisləri olmasa, ərzaq təminatı keyfiyyətli şəkildə həyata keçirilməsə, insan cəmiyyəti hansı formada ola bilər?
Və yaxud iqtisadi məsələləri, iqtisadi proqnozları, təbiət və hava proqnozlarını götürək.
Maşınqayırma, nəqliyyat və digər bütün sahələr bir-biri ilə harmoniya təşkil edir və zəncirvari şəkildə bir-birinə bağlıdır.
Biz insan cəmiyyəti olaraq bəzi sahələri daha çox qabardırıq, onları özümüzə daha yaxın hiss edirik və cəmiyyətdə onların funksiyasını daha çox ön plana çıxararaq insanlara həyat üçün vacib sahələr kimi təqdim edirik. Ancaq belə deyil.
Bütün sahələr mövcuddursa, həmin sahələrdə yaxşı mütəxəssislər çalışırsa və onların inkişafı təmin olunursa, ölkənin və cəmiyyətin inkişafından danışmaq olar. Həm bugünkü, həm də gələcək cəmiyyət baxımından ümumi fikir yürütmək mümkündür ki, hər bir sahənin özünəməxsus xüsusiyyəti və cəmiyyətin, dövlətin və xalqın həyatında həm bu gün, həm də gələcəkdə özünəməxsus rolu var".

