TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır. Baş katib qeyd edib ki, Azərbaycan və Türkiyə arasında vətəndaşların şəxsiyyət vəsiqəsi ilə, pasportsuz səfər imkanından artıq istifadə olunur.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı Demokrat.az-a danışıb.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaşlarının pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində aparılan işlər Türk dünyasında inteqrasiyanın daha da dərinləşdirilməsi baxımından mühüm addımdır:
“Belə bir mexanizmin tətbiqi ilk növbədə xalqlarımız arasında gediş-gəlişi asanlaşdıracaq, insanlar arasındakı əlaqələrin, turizmin, biznes münasibətlərinin və qarşılıqlı əməkdaşlığın genişlənməsinə ciddi töhfə verəcək. Bu təşəbbüs eyni zamanda Türk Dövlətləri Təşkilatının yalnız siyasi platforma deyil, vətəndaşların gündəlik həyatına birbaşa təsir edən real inteqrasiya məkanına çevrildiyini göstərir. Xüsusilə təhsil, sahibkarlıq, turizm və əmək münasibətləri baxımından sərhədlərin keçilməsinin sadələşdirilməsi insanlar arasında daha sıx təmasların yaranmasına şərait yaradacaq. Bu da ortaq tarixi, mədəni və mənəvi bağlara malik dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Deputat əlavə edib ki, Azərbaycan bu prosesdə fəal rol oynayan dövlətlərdən biridir və hesab edirəm ki, gələcəkdə TDT çərçivəsində vətəndaşların sərbəst hərəkət imkanlarının daha da genişləndirilməsi istiqamətində yeni addımlar atıla bilər:
“Təbii ki, bu məsələdə təhlükəsizlik, məlumat mübadiləsi və sərhəd nəzarəti ilə bağlı mexanizmlərin də yüksək səviyyədə təmin olunması vacibdir. Bu şərtlər nəzərə alınmaqla, şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər imkanının yaradılması Türk dünyasının inteqrasiyasını praktik müstəviyə daşıyan mühüm qərarlardan biri ola bilər”.

