Turizm

Bakı limanı regionun əsas mərkəzinə çevrilir — Açıqlama

Bakı limanı regionun əsas mərkəzinə çevrilir — Açıqlama

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizi üzərindən sərnişin daşımalarının bərpası gündəmə gəlib. Kurık-Bakı limanları arasında dəniz sərnişin əlaqələrinin yenidən qurulması üçün iki ölkənin nəqliyyat qurumları artıq müvafiq işlərə başlayıb. Marşrutun bərpasının turizm əlaqələrinə və Xəzər üzərindən sərnişin daşımalarının genişlənməsinə töhfə verəcəyi gözlənilir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, Qazaxıstanla Azərbaycan arasında Kurık-Bakı marşrutu üzrə sərnişin əlaqələrinin bərpası Xəzər dənizində nəqliyyat və turizm imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır:

Bakı limanı regionun əsas mərkəzinə çevrilir — Açıqlama

“Bu marşrut yalnız iki ölkə arasında sərnişin daşımalarının bərpası kimi qiymətləndirilməməlidir. Eyni zamanda, Xəzər hövzəsində xalqlar arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı turizm səfərlərinin artırılması və regionun nəqliyyat potensialının daha səmərəli istifadəsi üçün yeni imkanlar yaradır”.

Deputat gələcəkdə Kurık-Bakı xətti ilə yanaşı, Azərbaycanın digər Xəzəryanı ölkələrlə sərnişin əlaqələrinin qurulması və ya bərpasının da nəzərdən keçirilə biləcəyindən bəhs edib:

“Xüsusilə Bakı ilə Türkmənistanın Türkmənbaşı limanı, Qazaxıstanın Aktau limanı, eləcə də digər Xəzəryanı limanlar arasında mövsümi və müntəzəm sərnişin reyslərinin təşkili perspektivlidir. Burada əsas məqsəd təkcə nəqliyyat bağlantısı yaratmaq deyil, Xəzəri birləşdirici turizm və iqtisadi platformaya çevirmək olmalıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi Bakı limanını Xəzər hövzəsində sərnişin daşımalarının əsas mərkəzlərindən birinə çevirə bilər. Bunun üçün bərə və sərnişin gəmilərinin sayının artırılması, müasir terminal infrastrukturu, vahid bilet və rəqəmsal xidmətlərin tətbiqi, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır. Düşünürəm ki, düzgün koordinasiya olunduğu təqdirdə Xəzər üzərindən sərnişin daşımalarının genişləndirilməsi həm Azərbaycan və Xəzəryanı ölkələr arasında turizm əlaqələrinə, həm də regionda insanlararası münasibətlərin daha da inkişafına ciddi töhfə verə bilər”.

Fidan Hacızadə

D
demokrat.az