Özəl

Banklardakı pulların iqtisadiyyata faydası necə artırıla bilər?

Banklardakı pulların iqtisadiyyata faydası necə artırıla bilər?

Banklarda toplanan vəsaitlərin iqtisadiyyata yönəldilməsi iqtisadi aktivliyin artırılması baxımından mühüm məsələlərdən biridir. Bu vəsaitlərin hansı sahələrə istiqamətləndirilməsi və kreditləşmənin genişləndirilməsi ilə bağlı müxtəlif yanaşmalar mövcuddur.

Bəs banklarda toplanan vəsaitlərin iqtisadiyyata daha çox yönəldilməsi üçün hansı addımlar atılmalıdır və hansı sahələrə üstünlük verilməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında maliyyə, maliyyə-bank sektorunun təhlili və strateji məsələləri üzrə ekspert Nicat Məmmədov bildirib ki, banklarda formalaşan maliyyə resurslarının real iqtisadiyyata daha geniş yönəldilməsi iqtisadi artımın maliyyələşdirilməsi və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Banklardakı pulların iqtisadiyyata faydası necə artırıla bilər?

Onun sözlərinə görə, bu proses kredit həcminin mexaniki artırılması ilə məhdudlaşmamalı, mövcud vəsaitlərin məhsuldarlıq, əlavə dəyər, məşğulluq və ixrac potensialı yaradan sahələrə səmərəli və riskəsaslı şəkildə transformasiyasını təmin etməlidir:

"Bu məqsədlə uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi, biznes subyektlərinin maliyyə şəffaflığının və kredit qabiliyyətinin yüksəldilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, təminat alətlərinin şaxələndirilməsi, kredit zəmanəti və risklərin bölüşdürülməsi mexanizmlərinin inkişafı vacibdir. Bankların kredit siyasətində yalnız təminatın mövcudluğuna deyil, layihənin iqtisadi səmərəliliyinə, proqnozlaşdırılan pul axınlarına, biznes modelinin dayanıqlılığına və borcalanın ödəmə qabiliyyətinə əsaslanan yanaşmaların tətbiqi real sektorun maliyyə resurslarına çıxışını yaxşılaşdıra bilər. Vəsaitlərin iqtisadiyyatın struktur transformasiyasına və şaxələndirilməsinə xidmət edən istiqamətlərə yönəldilməsi də xüsusi önəm daşıyır. Qeyri-neft sənayesi və emal, kənd təsərrüfatı və aqrobiznes, kiçik və orta sahibkarlıq, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat, logistika, nəqliyyat, turizm, ixracyönümlü və idxalı əvəz edən istehsal, enerji səmərəliliyi və bərpa olunan enerji layihələri bu baxımdan əhəmiyyətli potensiala malikdir.

Bu yanaşma ölkənin strateji inkişaf prioritetləri ilə uzlaşır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində qeyri-neft iqtisadiyyatının inkişafın mərkəzinə çevrilməsi, iqtisadi artımın özəl təşəbbüslərə əsaslanması, qeyri-neft sektorunun maliyyələşdirilməsində özəl sektorun payının artırılması, həmçinin kiçik və orta sahibkarlığın iqtisadi artım və məşğulluğun əsas mənbələrindən birinə çevrilməsi nəzərdə tutulur. 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasında isə sahibkarlıqda rəqəmsal transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, innovasiya əsaslı inkişafın təşviqi, rəqəmsal bizneslərin və startap ekosisteminin dəstəklənməsi əsas hədəflər kimi müəyyənləşdirilib".

Ekspert əlavə edib ki, bank sektorunun göstəriciləri məsələyə yalnız kreditləşmənin həcmi deyil, portfelin strukturu və iqtisadi təsiri baxımından yanaşmağın vacibliyini göstərir:

"Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, 31 dekabr 2025-ci il tarixinə bank sektorunun kredit portfeli 30,063 milyard manat olub və il ərzində 9,4 faiz artıb. Portfelin 53,6 faizini və ya 16,106 milyard manatını biznes kreditləri, 31,1 faizini istehlak kreditləri, 15,3 faizini isə ipoteka kreditləri təşkil edib. Bu göstəricilər növbəti mərhələdə diqqətin nominal artımdan daha çox məhsuldar fəaliyyətə, investisiya layihələrinə və yüksək əlavə dəyər yaradan sahələrə ayrılan maliyyənin payının artırılmasına yönəldilməli olduğunu göstərir. Kiçik və orta sahibkarlığa maliyyə çıxışının yaxşılaşdırılması yeni iş yerlərinin yaradılmasına, regionlarda iqtisadi fəallığın yüksəlməsinə və sahibkarlıq ekosisteminin inkişafına şərait yarada bilər.

İstehsal, emal və ixracyönümlü layihələrə ayrılan vəsaitlər daxili əlavə dəyərin artırılmasına, müəyyən sahələrdə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişləndirilməsinə və iqtisadiyyatın daha çox şaxələndirilməsinə xidmət edər.

Bununla belə, bank resurslarının iqtisadiyyata yönəldilməsi maliyyə sabitliyi və prudensial idarəetmə prinsipləri hesabına həyata keçirilməməlidir. Kreditləşmənin sürətli kəmiyyət artımından daha vacib məsələlər portfelin keyfiyyəti, sektorlar üzrə balanslı bölgüsü, borcalanların ödəmə qabiliyyəti və maliyyələşdirilən layihələrin səmərəliliyidir. Strateji məqsəd bank sistemindəki likvidliyin sadəcə kreditə çevrilməsi deyil, həmin vəsaitlərin uzunmüddətli, dayanıqlı və inklüziv iqtisadi artımı dəstəkləyən məhsuldar kapitala çevrilməsidir".