Şəki rayonunda 22 yaşlı oğlan taksi sürücüsünə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Hüseyn Şəki şəhəri, Oğuz yolu küçəsində onu Şəki rayonunun Aşağı Göynük kəndindən həmin yerə kimi gətirməsinə görə taksi fəaliyyəti ilə məşğul olan Təbrizə verməli olduğu 12 manat gediş haqqı əvəzinə 6 manat 50 qəpik vermək istəyib.
Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə Təbrizin sifət və boyun nahiyəsinə bir neçə zərbə vurub, ona xəsarət yetirib.
Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, usta yanında fəhlə işləmək üçün Şəki şəhərinə getməli olub:
"Bu səbəbdən bu ilin iyulun 2-də, səhər saatlarında Baş Göynük kəndindən Aşağı Göynük kəndinə kənd avtomobili ilə getdim. Orada dayanacaqda bir qədər gözlədikdən sonra kənddən Şəki şəhərinə heç bir kənd avtomobilinin getmədiyini görərək taksi şirkətindən taksi sifariş verdim. Təxminən 5 dəqiqə sonra Təbriz adlı taksi sürücüsü zəng etdi və olduğum yeri soruşdu. Kənddə olduğum yeri dedikdən təxminən 15 dəqiqə sonra Təbriz məni oradan götürdü. Təbrizə məni Şəki şəhəri, Oğuz yolu küçəsində düşürməsini dedim. O da gediş haqqının 12 manat olacağını bildirdi. Təbrizə heç nə demədim. Oğuz yolu küçəsinə çatdıqda saxlamasını bildirdim. Təbriz də avtomobili dayanacaqda saxladı. Təxminən bu hadisədən bir ay əvvəl tanımadığım taksi ilə eyni yolu 6 manat 50 qəpiyə gəldiyim üçün Təbrizə də 6 manat 50 qəpik pul verərək maşından enmək istədim. Təbriz də qışqıraraq pulu niyə az verdiyimi soruşdu. Ona məni aldatmamasını, gediş haqqının real qiymətinin bu olduğunu və pulu götürərək getməsə, onun üçün pis olacağını bildirdim".
Təqsirləndirilən şəxs deyib ki, bu zaman Təbriz yaxınlıqda olan və "Tomun zapravkası" deyilən yerə maşını sürüb:
"Mən də avtomobildən düşərək Təbrizə tərəf getdim və Təbrizin yaxasından tutaraq pulu götürməsini, söhbəti uzatmamasını qeyd etdim. Təbriz isə pulu tam şəkildə verməsəm, başıma oyun açacağını dedi. Təbrizin sifətinə 1 dəfə yavaşca şillə vurdum və ağıllı olmasını bildirdim. Təbriz həmin vaxt mənə qarşı nalayiq ifadə işlətdi. Mən də artıq əsəblərimi cilovlaya bilmədiyim üçün Təbrizin gözünün alt hissəsindən 1 dəfə yumruq vurdum və o, yerə yıxıldı. Təbrizin ayağa duraraq üstümə gəlmək istədiyini gördüm və boyun nahiyəsindən 1 dəfə yumruqla vuraraq oradan uzaqlaşdım".
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib və onunla barışıb. Onun sözlərinə görə, Təbrizin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur.
Zərərçəkmiş də ifadəsində hadisənin pul üstündə baş verdiyini deyib. O, təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. Bildirib ki, Hüseyn ona dəymiş ziyanı ödəyib, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur.
Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli



