Bakının Sabunçu rayonunda 63 yaşlı kişi tanışına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə küçədə baş verib. 1963-cü il təvəllüdlü Fərəməz küçədə tanışı Elsevərlə (adlar şərtidir - red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə Elsevərin sağ qoluna bir dəfə zərbə vuraraq, ona xəsarət yetirib.
Faktla bağlı Fərəməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, cinayət təqibinə xitam verilib.
Fariz Məlikli


