Bakının Sabunçu rayonunda kafedə başlayan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa şosesində yerləşən "085" adlı kafenin qarşısında baş verib.
Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü Elnur həmin vaxt kafedə müştəri olan Hümbət İmaməliyevin kafedən bayıra çıxaraq ona nə səbəbə musiqini təkidlə dəyişməsini tələb etməsi barədə irad bildirməsini cüzi səbəb kimi bəhanə edib, mübahisə yaradıb. O, heç bir əsaslı səbəb olmadan restorandan bayıra çıxan müştərilərin yanında Hümbəti kəllə ilə sifət nahiyəsinə vurub, ona xəsarət yetirib.
Elnurun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, gecə saat 01 radələrində Zabrat-Maştağa şosesində yerləşən "085" adlı kafeyə gedib:
"Kafedə əyləşərək spirtli içki olan pivə sifariş verdim. Kafedə həmçinin canlı musiqi olub. Mən musiqi sifariş versəm də, sifariş verdiyim mahnı kafenin bağlandığı səbəbindən səslənmədi. Bununla bağlı orada mübahisə etdim, sifariş verdiyim mahnı üçün verdiyim pulu qaytarmasını tələb etdim. Stolun üzərində olan bakalı əlimlə itələyərək sındırdım".
Elnur qeyd edib ki, daha sonra küçəyə çıxaraq siqaret çəkib:
"Bu zaman Hümbət mənə yaxınlaşaraq nə məsələ olduğunu soruşdu. Mən kafedə mübahisə etdiyim şəxs olduğunu düşünərək kəllə ilə onun üz nahiyəsindən bir dəfə xəsarət yetirdim. Zərbə nəticəsində həmin şəxs ağzını tutaraq həmin yerdən kənarlaşdı və sonra mən də oradan getdim".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda etdiyi əməldən peşman olduğunu, içkinin təsiri altında olduğu üçün belə bir hərəkət etdiyini, zərərçəkmiş şəxslə barışdığını deyib.
İş üzrə zərərçəkmiş Hümbətin sözlərinə görə, dostunun ona təxminən 15-20 manat borcu olub:
"Dostum zəng edərək "085" adlı kafedə olduğunu bildirərək oraya gələrək pulu götürməyimi bildirdi. Mən də razılaşdım. Gecə saat 01 radələrində həmin kafeyə getdim. Həmin vaxt küçədə Elnur adlı şəxs kiminləsə mübahisə edirdi. Onun mübahisə etdiyi şəxsin yanından keçərək kafeyə getdim. Kafenin qarşısında dayanaraq dostumu gözləyən zaman heç gözləmədiyim anda Elnur kəllə ilə üz nahiyəmdən vuraraq xəsarət yetirdi. Aldığım xəsarətdən dişlərim qırıldı. Hadisə nəticəsində mənə 1800 manat ziyan dəyib. Həmin məbləğə dişlərimi düzəltdirmişəm".
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Elnur aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 8 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli


