Kriminal

Həbsdən yenicə çıxmışdı, qardaşı öldürdü — Təfərrüat

Həbsdən yenicə çıxmışdı, qardaşı öldürdü — Təfərrüat

Lənkəranda 37 yaşlı kişi ailə münaqişəsi zəminində 22 yaşlı qardaşını qətlə yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsi ötən il oktyabrın 8-də Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

1989-cu il təvəllüdlü Cəlal Abdullayev həmin gün, saat 19:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı mənzildə qardaşı Camal ilə məişət məsələlərinə görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına söyüş söydüyü üçün əsəbləşib.

37 yaşlı kişi dəhlizdəki masanın üzərində olan mətbəx bıçağını götürərək Camal Abdullayevin həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi döş qəfəsinin sol tərəfinə və sol bel nahiyəsinə 2 dəfə zərbə vurub, daha sonra hadisə yerindən uzaqlaşıb.

İstintaq sənədlərinə görə, Camal Abdullayev yaralı vəziyyətdə hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Orada edilən tibbi yardımlara baxmayaraq, oktyabrın 9-da saat 19:00-da vəfat edib.

Cəlalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı Camalı öldürmək niyyəti olmayıb, qardaşına iki dəfə deyil, bir dəfə bıçaq zərbəsi vurub.

Təqsirləndirilən şəxs deyib ki, 2025-ci il martın 6-da Rusiya Federasiyasından Azərbaycana gəlib:

"Camal isə həmin ilin sentyabrın 17-də cəzaçəkmə müəssisəsindən çıxaraq evə qayıtdı. Camal məni səbəbsiz yerə təhqir edərək mübahisə etdi və məni nalayiq söyüşlərlə söydü".

Cəlal qeyd edib ki, oktyabrın 8-də, saat 19:30 radələrində evdə olarkən anasına ayağının ağrıdığını deyəndə Camal ona "əcəb olur, daha pis günə qalarsan" deyib:

"Camal evin içərisində ünvanıma söyüş söydü. Həmin vaxt anam da ona dediyi sözlərə görə irad bildirdi. Camal anama da məhəl qoymayaraq məni qadının pis yerinə oxşadaraq, həmin adı bir neçə dəfə kobud şəkildə təkrarladı. Camalın təhqiramiz sözlərinə dözməyərək əsəbiləşdim, hirsimdən uzandığım yerdən ayağa durdum və mətbəxə keçdim. Oradakı masa üzərinə qoyulmuş qaşıqların olduğu qabın içərisindən mətbəx bıçağını götürərək Camala tərəf getdim. Camala heç nə demədən əsəbi halda bıçağın tiyəsini onun sol qabırğa nahiyəsinə bir dəfə soxaraq çıxartdım. Bıçağın tiyəsi uzun olduğu üçün bıçaq onun sol qabırğa tərəfindən daxilinə girdi və bıçağın ucu ön qarın boşluğu tərəfindən çölə çıxdı. Həmin yerdən qan axmağa başladı. Bıçağı çıxardaraq əlimdə saxladım, Camala başqa zərbə vurmadım. Həmin vaxt anam Gülər və bacımın bizdə qonaq olan 8 yaşlı qızı mənzildə olublar. Camal anama onu mənim vurduğumu deyərək yerə yıxıldı".

Cəlal bildirib ki, anası bunu görərək qışqırıb və "103" xidmətinə zəng edərək həkim çağırıb:

"Mən də heç yerə getməyərək həkimin gəlməsini gözlədim. Həkimlər gələrək yardım göstərdikdən sonra həkimlərlə birlikdə Camalı aşağı düşürərək ambulansa qoyduq. Həyətə düşdüm və özümə mağazadan spirtli içki olan "Yaquar" alaraq içdim. Bir neçə dəqiqədən sonra özüm bıçağı da götürərək Liman Şəhər Polis Bölməsinə getdim və könüllü təslim oldum, törətdiyim hadisəni könüllü olaraq polisə danışdım. Həmçinin özümlə gətirdiyim bıçağı könüllü olaraq müstəntiqə təqdim etdim. Camal xəstəxanada aldığı xəsarətlərdən ölüb. Törətdiyim əməldən peşmanam".

İş üzrə zərərçəkmiş Camal Abdullayevin hüquqi varisi, anası Gülərin sözlərinə görə, Cəlal və Camal onun oğlanlarıdır:

"Camal 2025-ci ilin sentyabr ayında həbsdən azad olundu. Cəlal da əvvəllər Rusiya Federasiyasında həbs olunmuşdu. Cəlal QİÇS və "Hepatit" xəstəliklərindən əziyyət çəkib. Camal Cəlalla 10 günə yaxın mehriban olsalar da, sonradan məişət məsələlərinə görə evdə tez-tez mübahisə etməyə başladılar. Cəlal əsəbi olub, Camal da dava-dalaş yaratmağa meylli olub".

Gülər bildirib ki, oktyabrın 8-də Camal Cəlala həyətlərindəki ərzaq mağazasından nisyə ədəd-ədəd siqaret almasını irad tutub, bununla əlaqədar aralarında sözlü mübahisə yaranıb:

"Camal Cəlala söyüş söyərək bir neçə dəfə də qadın orqanının adını çəkərək ondan olduğunu dedi. Bu vaxt Cəlal qəfildən uzandığı yerdən duraraq Camalın üstünə tərəf qaçdı. Mən yerimdən durub Camala tərəf gedəndə onun giriş qapısının qarşısında sağ yanı üstə yerə yıxılaraq qarnını tutduğunu, Cəlalın isə əlində tiyəsi qanlı bıçaqla kənara çəkildiyini gördüm. Cəlal dərhal qapıdan çölə qaçdı. Camal mənə Cəlalın onu bıçaqla vurduğunu dedi. Dərhal "103" xidmətinə zəng edərək həkim çağırdım. Həkim gələnə kimi Camala tibbi yardım göstərmək məqsədilə onu tərpətmədən əynində olan gödəkcəni və qara rəngli qısaqol köynəyi çıxardım. Camalın qarnından axan qanı kəsmək üçün mənzildən götürdüyüm əskini yaranın üstünə basdım ki, qan çox axmasın. Camal qarnının möhkəm ağrıdığını dedi. Bir neçə dəqiqədən sonra evə bir nəfər kişi həkim gələrək Camala tibbi yardım göstərdi. Cəlalın da köməkliyi ilə Camalı maşına mindirərək xəstəxanaya apardılar. Biz də xəstəxanaya getdik. Camal xəstəxanada əməliyyat olundu və ertəsi gün aldığı xəsarətlərdən xəstəxanada öldü".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlal 10 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

R
Redaktor