Özəl

Maşına gerb yapışdırmaq cərimədir? — Açıqlama

Maşına gerb yapışdırmaq cərimədir? — Açıqlama

Gürcüstanda avtomobilə stiker yapışdırdığı üçün sürücünün 500 lari cərimələnməsi müzakirələrə səbəb olub. Azərbaycanda isə gerb əks olunan stikerə görə ayrıca cərimə nəzərdə tutulmur. Lakin stiker sürücünün görmə imkanını məhdudlaşdırarsa, inzibati məsuliyyət yarana bilər.

Bu baxımdan, avtomobilin ön şüşəsinə stiker yapışdırılması ilə bağlı hansı tələblər var və sürücü hansı hallarda cərimələnə bilər?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobilin ön və arxa şüşələrinə hər hansı bir stikerin yapışdırılmasını ümumi şəkildə qadağan edən norma mövcud deyil:

Maşına gerb yapışdırmaq cərimədir? — Açıqlama

"Avtomobil şüşələrində müxtəlif məqsədlərlə stikerlərdən istifadə edilməsi normal praktikadır. Avtomobilin ön və ya arxa şüşəsinə stiker yapışdırılması, ümumiyyətlə, qanunla qadağan olunmur. Məsələn, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan xüsusi işarələr, təlim avtomobillərində istifadə olunan stikerlər və digər məlumatlandırıcı nişanlar avtomobillərin şüşələrində yerləşdirilə bilər. Belə stikerlərin həm arxa, həm də müəyyən hallarda ön şüşədə yerləşdirilməsi mümkündür".

Onun sözlərinə görə, burada əsas məsələ stikerin avtomobildən istifadə zamanı sürücünün görmə imkanlarına maneə olub-olmamasıdır:

"Əgər yapışdırılan stiker sürücünün qarşısını görməsinə, yol şəraitini düzgün qiymətləndirməsinə və təhlükəsiz idarəetməsinə maneə yaradırsa, bu halda həmin stikerin çıxarılması tələb oluna bilər. Digər tərəfdən, stikerin məzmunu da nəzərə alınmalıdır. Qanunla qadağan olunmayan, ətrafdakı şəxslərin heysiyyətinə toxunmayan, onların şərəf və ləyaqətini alçaltmayan, işgüzar nüfuzuna xələl gətirməyən stikerlərin avtomobilə yapışdırılmasına görə ayrıca məhdudiyyət nəzərdə tutulmur. Yəni avtomobilin şüşəsinə sadəcə stiker yapışdırılması özlüyündə hüquqazidd əməl hesab edilmir. Konkret halda stikerin məzmunu, yerləşdirildiyi hissə və sürücünün görmə imkanına təsiri qiymətləndirilməlidir".

FH
Fidan Hacızadə
Müxbir