Ermənistanda Avropa İttifaqı ilə münasibətlərin gələcək istiqaməti ilə bağlı referendum keçirilməsi məsələsi müzakirə olunur. Belə bir addımın ölkənin xarici siyasətinə və Rusiya ilə münasibətlərinə təsiri də gündəmə gəlir.
Bəs belə bir referendumun keçirilməsi Ermənistanın xarici siyasət kursuna və Rusiya ilə münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Ermənistanda hakimiyyətin Avropa Birliyinə daxil olmaqla bağlı referendum keçirməyə nə dərəcədə məcbur olduğunu söyləmək bizim üçün çətindir.

Onun sözlərinə görə, nəzərə alsaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə referendumu ilə daxil olmamışdı, bu sadəcə hakimiyyətdə olan şəxslərin, dövlət başçısının qərarı ilə baş vermiş hadisə idi:
"Bu məntiqlə bu gün Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq və Avropa İttifaqına qoşulmaqla bağlı məsələnin referenduma çıxarılmasının nə qədər məcburi olduğunu söyləmək bizim üçün çətindir. Amma hiss olunur ki, Rusiyada Ermənistanı buna məcbur edir. Müşahidələr göstərir ki, Ermənistan hakimiyyətinin özü də referendum keçirməyə o qədər meylli deyil. Bunu Paşinyanın müxtəlif zamanlarda verdiyi məzmunca iki fərqli bəyanat onun Avropa İttifaqı referendumuna münasibətini ortaya qoyur. Bir neçə ay əvvəl Paşinyan Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun təxmini zamanına işarə eləyən bəyanat vermişdi. Demişdi ki, Avropa İttifaqı üzvlüyünə müraciət edəndən və Avropa İttifaqından müraciətimizə məqbul cavab alandan sonra biz məsələnin referenduma çıxarılması barədə qərar verəcəyik.
Bu bir mövqe idi. Ondan sonra Paşinyan fərqli bir mövqe ifadə elədi. Deməli, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının görüşündə Putinlə görüşdən sonra o ifadə etdi ki, hətta Putinə də bunu dedi ki, biz Avropa İttifaqına qəbulla bağlı qanun qəbul etmişik və bu qanunu ona görə qəbul etmişik ki, referendum keçirməyək. Bu tamamilə fərqli bir mövqedir. Bir halda məsələnin referenduma çıxarılacağını bildirir, başqa halda isə referendumdan imtina eləyir. Bunların ikisinə birlikdə baxanda qənaət belə yaranır ki, Paşinyan referendum keçirilməsinə qəti qərar kimi baxmır, ola bilsin onun keçirilməsindən imtina da eləsin. Burada Paşinyanı başa düşmək olur, çünki referendumun keçirilməsinin üzərində Rusiya, Putin bu dərəcədə təkid eləyirsə, onların da bildikləri və söykənmək istədikləri nələrinisə olduğunu düşünməyə dəyər".
Şərhçi əlavə edib ki, təsəvvür eləyək ki, referendum keçirildi və referendumun iki mümkün nəticəsi olacaq:
"Bir nəticə Ermənistanda cəmiyyətin Avropa İttifaqına qəbul olunmasını dəstəkləməsi, o biri halda isə buna qarşı çıxmasıdır. Bunların hər ikisi Paşinyan üçün müəyyən problemlər yarada bilər. Əgər cəmiyyət Avropa İttifaqına daxil olmaqla bağlı qərar verəcəksə, bu halda ölkənin daxilində siyasi qüvvələrin müəyyən təlatümlər yaratmaq cəhdləri və Rusiyanın Ermənistana qarşı açıq təzyiq xarakterli qərarlar verməsinin yolu açılacaq. Yox, əgər Ermənistan cəmiyyəti bunun əleyhinə səs verəcəksə, onda Paşinyanın istefadan başqa çarəsi qalmır. Çünki əgər Avropa İttifaqına üzvlük ilə bağlı qanun layihəsini parlamentdə qəbul etdiribsə, bunu dəstəkləyibsə, demək bunu Ermənistan cəmiyyətinin iradəsinə zidd olaraq etdiyi görsənmiş olacaq. Buna görə də həm referendumun keçirilməsi qərarı, həm də onun keçirilməsindən imtina qərarı Paşinyan üçün eyni dərəcədə müxtəlif risklər daşıyır. Buna görə də həmin referendumun mütləq şəkildə keçirilib-keçirilməyəcəyi ilə bağlı indidən bir söz söylemək çətindir".


