Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə avtomobillərin şəhər mərkəzinə girişinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Lakin bu cür məhdudiyyətlərin kənar ərazilərdə nəqliyyat sıxlığını daha da artırması, eləcə də həmin ərazilərdə yaşayan və çalışan şəxslərin gündəlik gediş-gəliş imkanları ilə bağlı fikirlər ön plana çıxır.
Avtomobillərin mərkəzə girişinin məhdudlaşdırılması kənar ərazilərdə tıxacı artırmır? Həmin ərazidə yaşayanların taksi və yükdaşıma xidmətlərindən istifadəsi necə tənzimlənir? Tıxacın həlli üçün niyə əsasən avtomobillərə məhdudiyyət qoyulur?
Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, şəhərin giriş nöqtələrində "Park and Ride" yəni "park et, səfərini ictimai nəqliyyatla davam etdir" kimi həlləri tətbiq etməliyik:

"Hazırda Xocəsən və Avtovağzal metro stansiyalarında pulsuz keçid imkanları varsa, həmin stansiyaların ətrafında da bu tip həllərin təşkili mümkün avtomobil axınının şəhərə daxil olmasının qarşısını ala bilər. Gün ərzində 300 mindən çox avtomobil müxtəlif istiqamətlərdən Bakıya daxil olur. Bu baxımdan, ən yaxın dəmir yolu və metro stansiyalarının, şəhərin giriş və çıxış nöqtələrindəki avtomobil yollarının və müxtəlif nəqliyyat növlərinin kəsişdiyi ərazilərin yaxınlığında "Park and Ride" sistemlərinin tətbiqi mümkün avtomobil axınının qarşısını ala və şəhərdəki daxili sıxlığa birbaşa təsir göstərə bilər. Burada iki önəmli məsələ var. Birincisi, bu şəraitin yaradılması, ikincisi isə həmin avtomobil axınının qəbul edilərək ictimai nəqliyyat vasitəsilə daşınmasıdır. Yəni daha intensiv ictimai nəqliyyat hərəkətinin təşkili vacibdir. İndiki halda şimal istiqamətindən gələn avtomobillər üçün Xocəsən və Avtovağzal ərazilərində bu cür imkanlar yaradılıbsa, düşünürəm ki, 8 Noyabr stansiyasının da nəqliyyat əlçatanlığı digər metro stansiyaları və avtobuslarla əlaqələndirilməklə daha da intensivləşdirilməlidir. Eyni zamanda, Bənövşəyi xəttin hazırda 10 faiz belə doluluğunun olmamasının əsas səbəblərindən biri onun şəhər mərkəzi ilə hələ tam əlaqələnməməsidir. Bu əlaqənin dövlət proqramı çərçivəsində yaradılması nəzərdə tutulur. Lakin indiki halda həmin xəttin maksimum yüklənməsi üçün şərait yaratmaqla mövcud nəqliyyat yükünü parçalamaq mümkündür. Bunun üçün 8 Noyabr stansiyasına doğru avtobusların intensiv hərəkətinin təmin edilməsi vacibdir".
Ekspert qeyd edib ki, digər istiqamətlərdə də, məsələn, Həzi Aslanov və sonradan Əhmədli stansiyalarının ətrafında bu cür şərait yaradılmalıdır:
"İnsanlar şəhərin şərq hissəsindən gələndə ilk metro stansiyasının yanında avtomobillərini park edib yollarına ictimai nəqliyyatla davam edə bilərlər. Gələn il Hövsan dəmir yolunun açılacağını nəzərə alsaq, Hövsan istiqamətindən də intensiv qatarların hərəkəti təmin olunarsa, şərqdən gələn avtomobil axınının Hövsan stansiyasının ətrafında yaradılacaq "Park and Ride" məntəqələrində saxlanılaraq ictimai nəqliyyatla davam etdirilməsi mümkün olacaq. Eyni şəkildə, şəhərə giriş nöqtələrinə yaxın Bakıxanov ərazisində, Zabrat-2 stansiyasının, Biləcəri və Xırdalan stansiyalarının yanında, eləcə də Sumqayıtda bu tip həllərin tətbiqi vacibdir. Məqsəd mümkün avtomobil axınının şəhərin daxilinə daxil olmadan qarşısını almaqdır. Lakin burada da intensiv ictimai nəqliyyatın hərəkəti vacibdir ki, böyük sayda sərnişinin daha sürətli daşınması təmin olunsun. Şəhərin cənub girişindən şərq istiqamətinə olan mövcud dəmir yolu imkanlarının yaradılması və Lökbatan stansiyasının ətrafında da "Park and Ride" sisteminin təşkili mühüm nəticə verə bilər. Gün ərzində şəhərin şərq hissəsindən – 8-ci kilometr, Əhmədli və Həzi Aslanov massivlərindən qərb istiqamətinə, Abşeron Logistika, Sədərək və Binə ticarət mərkəzlərinə doğru böyük sərnişin axını var. Həmçinin cənub istiqamətindən şəhərə giriş mövcuddur. Bu axını Lökbatandan intensiv relsbus, yəni dəmir yolu nəqliyyatı ilə əlaqələndirə bilsək, cənubdan gələn axının şərqə, şərqdən gələn axının isə qərbə yönləndirilməsinə kömək edə bilərik".
Rauf Ağamirzəyev söyləyib ki, bununla yanaşı, diqqətimizi bu stansiyaların əlçatanlığı nöqteyi-nəzərindən artırmalıyıq:
"Yəni bir növdən digər növə keçidin, inklüzivliyin təmin olunması, fərqli hərəkət iştirakçılarının rahat minib-düşməsi, dəmir yolu və metro stansiyalarının girişlərində mümkün baryerlərin aradan qaldırılması istiqamətində ciddi və sürətli işlər görülməlidir. İnsanlar avtomobil yolu ilə bu günə kimi əldə etdiyi komfortu məhz ictimai nəqliyyatda da əldə edə bilməlidirlər. İctimai nəqliyyatın sürətli olması ilə yanaşı, onun giriş nöqtələrinin də baryersiz və komfortlu, rahat keçidi təmin edən formada təşkili vacibdir".


