Evdə illərdir istifadə olunmayan və artıq dəyərsiz hesab edilən bəzi köhnə əşyalar kolleksiyaçılar üçün olduqca maraqlı ola bilər. Mütəxəssislər belə predmetlərin ikinci əl bazarında yüksək qiymətə satıldığını bildirirlər.
Demokrat.az xəbər verir ki, "Real Simple" nəşri kolleksiyaçıların xüsusilə maraq göstərdiyi 8 köhnə əşyanı açıqlayıb.
1. Otel suvenirləri və aksesuarları
Tarixi otellərdən qalan kibrit qutuları, külqabılar, baqaj etiketləri, xalat və digər əşyalar kolleksiyaçıların diqqətini çəkir. Belə əşyaların qiyməti predmetdən asılı olaraq 5-30 dollardan başlayır. Nadir markalı otel gümüşləri və digər eksklüziv nümunələr isə 1000 dollardan baha satıla bilər.
2. Kələm yarpağı formasında qablar
Kələm yarpağı formasında hazırlanmış rəngarəng qab-qacaq son illərdə yenidən populyarlaşıb. Adi nümunələrin qiyməti 20-500 dollar arasında dəyişir, tam dəstlər isə 1000 dollara qədər alıcı tapa bilər. Nadir nümunələrin qiyməti isə bir neçə min dollara çata bilir.
3. Köhnə yorğanlar
Antik və vintage yorğanlar kolleksiyaçılar tərəfindən həm məişət əşyası, həm də sənət nümunəsi kimi qiymətləndirilir. Xüsusi naxışlara və qədim parçalarla hazırlanmış nümunələrə maraq daha böyükdür. Belə yorğanların qiyməti ən azı 500 dollar ola bilər.
4. Yuvada toyuq formasında şüşə qablar
Xüsusilə ötən əsrə aid bu tip şüşə qablar son dövrlərdə populyarlaşıb. Köhnə nümunələrin bəziləri 100 dollardan baha qiymətə satılır. Halbuki beş il əvvəl belə əşyaların qiyməti təxminən 10-15 dollar olub.
5. Köhnə kitablar və məlumat kitabçaları
Quşlar, çiçəklər, kəpənəklər və ağaclar haqqında cib ölçülü vintage məlumat kitabları da kolleksiyaçıların marağındadır. Adi nəşrlər 20-75 dollara satıla bilər, nadir kitablar və tam seriyalar isə bir neçə yüz dollar dəyərində olur.
6. Gümüş süfrə dəstləri
Bir müddət əvvəl populyarlığını itirən gümüş qaşıq, çəngəl və digər süfrə əşyalarına maraq yenidən artıb. Mütəxəssislər gümüşün qiymətinin yüksəlməsinin də bu əşyaların ikinci əl bazarındakı dəyərinə təsir etdiyini bildirirlər. Vaxtilə 10 dollara alınan tam dəstin hazırda yüzlərlə dollar dəyərində ola biləcəyi qeyd edilir.
7. Əl işləri və tikmələr
Heyvan təsvirləri, dəniz mənzərələri və digər qeyri-adi süjetlərlə hazırlanmış köhnə tikmələr də axtarılan əşyalar sırasındadır. Antik dövrə aid bəzi əl işlərinin qiyməti minlərlə dollara çata bilər.
8. XX əsrin ortalarına aid bar əşyaları
Kokteyl hazırlamaq və süfrəyə vermək üçün istifadə olunan vintage bar aksesuarları da kolleksiyaçıların diqqətindədir. Xüsusilə heyvan formasında hazırlanmış dekorativ əşyalar maraq doğurur. Əksəriyyəti 75-300 dollar arasında satılsa da, nadir istehsalçıların məhsulları 1000 dollardan baha qiymətləndirilə bilər.
Mütəxəssislər bildirirlər ki, köhnə əşyaların dəyərini yalnız yaşına görə müəyyənləşdirmək olmaz. Onların nadirliyi, istehsalçısı, vəziyyəti, orijinallığı və kolleksiyaçılar arasında yaratdığı maraq qiymətə ciddi təsir göstərir.
Jalə


