Şimali Koreyanın Çinin paytaxtı Pekindəki səfirliyində gizli saxlanma mərkəzi işlətdiyi iddia olunub. Bildirilir ki, bu mərkəzdən Şimali Koreya hakimiyyəti üçün təhlükə yaratdığı düşünülən vətəndaşların sorğu-sual edilməsi və ölkəyə məcburi qaytarılması məqsədilə istifadə olunur.
Demokrat.az xəbər verir ki, Cənubi Koreyada fəaliyyət göstərən "Keçid dövrü ədaləti üzrə işçi qrupu" (TJWG) Şimali Koreyada insan hüquqlarının pozulması ilə bağlı diqqətçəkən iddia irəli sürüb. Qrupun yayımladığı "Şimali Koreyanın sərhədlərarası repressiyası: Çin" adlı hesabatda Pxenyan rəhbərliyinin Çinin paytaxtı Pekindəki Şimali Koreya səfirliyində gizli saxlanma mərkəzi işlətdiyi bildirilir.
Nəzarət, təqib, həbs...
Aralarında keçmiş Şimali Koreya diplomatının da olduğu çoxsaylı mənbələrə əsaslanan məlumatlara görə, Pekindəki Şimali Koreya səfirliyinin zirzəmisində fəaliyyət göstərən bu gizli obyektdə müşahidə, təqib, həbs, saxlanma, sorğu-sual və məcburi geri qaytarma əməliyyatlarının həyata keçirildiyi iddia olunur.
Bildirilir ki, sözügedən gizli əməliyyatlara konsulluq əməkdaşı statusuna malik, müvəqqəti təyin olunan və Şimali Koreya kəşfiyyatının zabiti olduğu deyilən "təhlükəsizlik nümayəndəsi" rəhbərlik edib. Hadisələr barədə 12-24 saat ərzində Pxenyan rəhbərliyinə məlumat verildiyi qeyd olunur.
Şimali koreyalı haker gizli obyektə köçürülüb
Hesabatda Cənubi Koreyaya qaçmağa çalışarkən Çinin Daxili Monqolustan Muxtar Rayonunda Çin rəsmiləri tərəfindən saxlanılan şimali koreyalı haker Pe Yonq-cunun işi ilə bağlı diqqətçəkən təfərrüatlara da yer verilib.
Məlumata görə, Çin hakimiyyəti tərəfindən təxminən 6 ay sorğu-sual edildikdən sonra Şenyan şəhərindəki Şimali Koreya Baş Konsulluğuna təhvil verilən Pe saxlanılıb və səfirlikdəki gizli obyektə köçürülüb.
İddiaya görə, Pe fiziki hərəkət etmək imkanından məhrum edildikdən sonra əlil arabasında, bütün bədəni gipsdə olmaqla xəstə görünüşünə salınıb və "Air Koryo"ya məxsus sərnişin təyyarəsi ilə Şimali Koreyaya geri göndərilib. Hesabatda "Bir məlumatverən onun geri qaytarılmasından 3 il sonra öldüyünü təsdiqləyib" ifadəsi yer alıb.
Beynəlxalq cinayət və insan hüquqları pozuntusu
Hesabatda vurğulanır ki, Şimali Koreyanın sərhədlərindən kənara çıxan bu repressiv fəaliyyətləri yalnız ciddi beynəlxalq cinayət və insan hüquqları pozuntusu deyil, eyni zamanda Çinin məhkəmə suverenliyinə və hüquqi sisteminə də zərər vurur.
Çin rəsmilərinin bu fəaliyyətlərlə bağlı Şimali Koreya ilə müxtəlif səviyyələrdə əməkdaşlıq etdiyi barədə iddialara diqqət çəkilən hesabatda beynəlxalq ictimaiyyətə Çinin Şimali Koreyanın insan hüquqları pozuntularına münasibətinin yaxından izlənilməsi çağırışı edilib.
Jalə


