Bankdan kredit götürən şəxslərin müəyyən səbəblərdən aylıq ödənişlərini gecikdirməsi halları ilə tez-tez rastlaşılır. Bəzən vətəndaşlar bir neçə günlük gecikmənin ciddi nəticəsi olmadığını düşünür. Lakin kredit ödənişlərinin gecikdirilməsi şəxsin gələcəkdə yeni kredit götürməsinə və kredit şərtlərinə təsir göstərə bilər.
Kredit ödənişlərində gecikməsi olan şəxs kredit tarixçəsini necə yaxşılaşdıra bilər? Gecikmiş borcun bağlanması kredit tarixçəsinin dərhal düzəlməsi üçün kifayətdirmi?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, keçmiş borcun bağlanması kredit tarixçəsinin dərhal düzəlməsi üçün kifayət etmir:

"Çünki kredit tarixçəsi illər boyu elektron qaydada saxlanılır və kredit götürülərkən əsas istinad olunan meyarlardan biri, bəlkə də birincisi sayılır. Kredit reyestrindəki tarixçə şəxsin öz öhdəliklərinə yanaşmasını əks etdirən əsas sənəddir. Başqa sözlə, müştəri haqqında ilkin fikrin yaranmasında və onun ödəniş davranışının qiymətləndirilməsində mühüm mənbələrdən biridir. Kredit tarixçəsi mənfi olan şəxslər təkrar kredit üçün müraciət etdikdə, əgər gecikmələr illəri əhatə edirsə və müştərinin skorinq balı çox aşağıdırsa, ona imtina edilə bilər. Amma bəzi hallarda, məsələn, əməkhaqqı ilə bağlı tutarlı və sübut olunan səbəblərdən gecikmənin müştəridən asılı olmadığı aşkarlanarsa, yəni gecikmənin subyektiv deyil, obyektiv səbəblərdən baş verdiyi müəyyən edilərsə, fərdi yanaşma tətbiq oluna bilər. Həmçinin bir neçə kredit üzrə yalnız birində və ya ikisində gecikmə halları varsa, müştəriyə yenidən kredit təklif oluna bilər. Lakin müştəri riskli hesab edilərsə, ona gəlirinə uyğun daha aşağı məbləğdə kredit təklif oluna bilər. Məsələn, əməkhaqqı 3000 manatdırsa və bu gəlir daha yüksək məbləğdə kredit götürməyə imkan verirsə, kredit tarixçəsinə əsasən həmin şəxsə 1000, 1500 və ya 500 manat kimi daha aşağı məbləğ təklif edilə bilər".
Ekspert qeyd edib ki, şəxsin gecikmələri özündən asılı olmayan səbəblərdən baş veribsə, müəyyən dərəcədə güzəştlər tətbiq oluna bilər:
"Məsələn, şəxsin əməkhaqqının məbləğində və ya ödəniş tarixində dəyişiklik olubsa və bunu sübut edə bilirsə, bu amil nəzərə alına bilər. Eyni zamanda, şəxs götürdüyü krediti başqa birinə, məsələn, ailə üzvünə, dostuna və ya tanışına veribsə və gecikmə həmin şəxsin ödənişi vaxtında etməməsi səbəbindən yaranıbsa, bu da müəyyən hallarda fərdi yanaşma üçün əsas ola bilər. Kredit tarixçəsi aşağı skorinq balına malik olan və yenidən kreditə ehtiyacı yaranan şəxslər isə kiçik məbləğli kreditlər götürərək ödəniş intizamını bərpa edə bilərlər. Məsələn, mobil telefon, planşet və ya elektrik avadanlığı almaq üçün kiçik məbləğdə kredit götürərək ödənişləri vaxtında həyata keçirmək mümkündür. Daha sonra banka müraciət edərkən ödəniş qəbzlərini və krediti vaxtında ödədiyini təsdiq edən sənədləri təqdim etməklə müsbət ödəniş davranışını göstərmək olar. Bundan başqa, bankların satış siyasəti və risk yanaşması da mühüm rol oynayır. Banklarda müştərilər müxtəlif qruplara bölünür: az riskli, orta riskli və yüksək riskli müştərilər. Az riskli müştərilər daha rahat şəkildə kredit əldə edə bilirlər. Orta riskli müştərilərə isə müəyyən dərəcədə daha aşağı məbləğdə və ya daha sərt şərtlərlə kredit verilə bilər. Yüksək riskli müştərilər üçün isə əlavə təminat, məsələn, zaminlik, daşınar və ya daşınmaz əmlak təminatı tələb oluna bilər. Bununla yanaşı, kredit faizləri və ya xidmət komissiyaları nisbətən daha yüksək müəyyən edilə bilər. Yəni mənfi kredit tarixçəsi illər boyu müştərinin kredit reyestrində əksini tapır və elektron qaydada arxivləşdirilir. Lakin şəxsin yenidən kredit götürə bilməsi həm öz ödəniş davranışından, həm də bankların satış və risk siyasətindən asılıdır. Ola bilər ki, müəyyən iqtisadi dövrdə banklar risklərə daha çox diqqət ayırsın və kredit satışını daha konservativ şəkildə həyata keçirsinlər. Bu da müştərilərin kredit müraciətlərinə imtina ilə nəticələnə bilər. Məsələn, şəxs düşünə bilər ki, 2-3 ay əvvəl ona kredit verilirdi, amma hazırda müraciəti qəbul olunmur. Bu, iqtisadi gedişat, makro və mikroiqtisadi amillər, eləcə də bankın həmin dövrdəki satış və risk siyasəti ilə əlaqəli ola bilər. Kredit müraciətinə imtina etmək bankın hüququdur. Digər tərəfdən, bank aqressiv satış siyasəti seçərək riskləri nəzərə almaqla, hətta gecikmələri olan müştərilərə də müəyyən məbləğdə kredit ayıra bilər. Yəni müştəriyə kredit verilib-verilməməsi yalnız onun kredit tarixçəsindən deyil, bankın həmin dövrdəki risk və satış siyasətindən də asılıdır".
Emin Kərimovun sözlərinə görə, birmənalı şəkildə demək olar ki, şəxs bütün kreditləri üzrə gecikmələr edibsə, kreditlərini məhkəmə qaydasında ödəyibsə və ya 360 gündən artıq gecikmələri varsa, belə müştərilərə adətən imtina edilir:
"Zaman keçməsinə baxmayaraq, şəxs yenidən kredit üçün müraciət etdikdə bu gecikmələr mənfi şəkildə özünü göstərə bilər. Orta və aşağı riskli müştərilərə isə adətən kredit məbləğinin müəyyən dərəcədə azaldılması, şərtlərin sərtləşdirilməsi, əlavə komissiyaların tətbiqi və ya əlavə təminat tələb olunması formasında kredit ayrıla bilər. Gecikmələr növbəti kreditlərin götürülməsində müştəriyə mənfi təsir göstərə bilər. Ona görə də hər bir vətəndaş kredit götürərkən onun qaytarılma mexanizmini əvvəlcədən müəyyən etməli, ödəniş mənbələrini nəzərə almalıdır. Kreditin gecikdirilməməsinə və kredit tarixçəsinin korlanmamasına çalışmaq vacibdir. Hər hansı problemlə üzləşdikdə isə mövcud öhdəlikləri nəzərə alaraq, onların həlli istiqamətində vaxtında addımlar atılmalıdır. Əks halda, növbəti mərhələlərdə kredit müraciətləri ya imtina ilə, ya da müştərinin istədiyindən daha az məbləğdə və daha sərt şərtlərlə kredit təklifi ilə nəticələnə bilər".


