Özəl

Ailə qurmaq istəyənlərin diqqətinə!

Ailə qurmaq istəyənlərin diqqətinə!

Son illərdə gənclərin ailə və nikah məsələlərinə münasibətində müxtəlif dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər dini nikaha yanaşmada da özünü göstərə bilər.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında ictimai xadim, araşdırmaçı Hacı Rahim İsmayılov bildirib ki, bu gün gənclər arasında dini nikaha münasibətin əvvəlki dövrlərlə müqayisədə dəyişdiyini görürük.

Ailə qurmaq istəyənlərin diqqətinə!

Onun sözlərinə görə, müasir gənc ailə qurarkən təkcə adət-ənənəyə deyil, həm də hüquqi məsuliyyətə, qarşılıqlı hörmətə və ailənin mənəvi əsaslarına diqqət yetirir:

"Dini nikaha gənclər arasında niyə münasibət azalıb sualına gəlincə isə, bəlkə də qəlbimizdə Allah nurunun azalmasından, ictimaiyyətimizin bəzi üzvlərinin dini inancının azalmasından, yaxşılığın üstü ehtiyac, ehtiyacın üstü dini pərdə, pərdənin üstü ala-bula bəzək-düzək olması və nəticədə insanların dini inancından istifadə edib, onlardan istifadə etməkdən irəli gəlir. Dini kəbin hər iki gəncin (valideynlərinin icazəsi ilə) Allah qarşısında söz verməsidir (mənəvi mənası): Ey Allahım, biz Sənə söz veririk".

Onun sözlərinə görə, dini kəbin zamanı tərəflər Allah qarşısında bir-birinə qarşı məsuliyyət götürürlər:

"Oğlanın öz üzərinə götürdüyü məsuliyyət həyat yoldaşını qorumaq, ona və ailəsinə hörmət etmək, övladlarına qarşı məsuliyyətli ata olmaqdan ibarətdir. Qadın isə həyat yoldaşına layiqli xanım olmağı, onun şərəfini, namusunu və ailə dəyərlərini qorumağı öz üzərinə götürür. Dini kəbin insanla Allah arasında mənəvi əhd və güvən münasibəti kimi qiymətləndirilə bilər. O, Qurani-Kərimdə "O kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edərlər" ifadəsinin yer alıb. Allah onlara xoşbəxtlik verməzmi? Əlbəttə, verər. Lakin bunun üçün onlar öz əhdlərinə sadiq qalmalıdırlar. Burada "əmanət" yalnız kiminsə bizə verdiyi əşyanı qorumaq mənasında deyil. İslam alimlərinin izahlarında əmanət anlayışı daha genişdir. İnsanın üzərinə götürdüyü məsuliyyətlər, verilmiş sözlər, insanların ona etibar etdiyi məsələlər, insan həyatı və Allah qarşısında öhdəlikləri də əmanət anlayışına daxil edilir. "Əhd" isə insanın verdiyi sözə və götürdüyü öhdəliyə sadiq qalmasını ifadə edir. İnsan birinə söz verirsə, həmin sözün məsuliyyətini daşıyır. Buna görə ayə müsəlmana etibarlı, dürüst və məsuliyyətli olmağı öyrədir.

Bu baxımdan xalq arasında işlənən "söz əmanətdir" ifadəsi ayənin ruhuna çox yaxındır. İnsan danışdığı sözə məsuliyyətlə yanaşmalıdır. Verdiyi vədə əməl etmək, etibarı qorumaq və insanları aldatmamaq müsəlmanın əxlaqının mühüm hissəsidir. Deməli, Allah bununla insanlara nəyi öyrətmək istəyir, yəni ey insan, etibarlı, dürüst və məsuliyyətli ol və düz yaşa. Başqa prizmadan baxsaq, İslamda nikah çox müqəddəs bir məsələdir. Nikah sadəcə iki insanın bir araya gəlməsi deyil, iki insanın bir-birinə qarşı məsuliyyət götürməsidir. Ona görə də gənclərə nikahın mahiyyətini düzgün anlatmaq lazımdır. Dini kəbin insan üçün mənəvi əhəmiyyət daşıya bilər. Lakin kəbin dövlət qeydiyyatında olan nikahla yanaşı olmalıdır. Ailə quran insanlar həm dini dəyərlərə, həm də yaşadıqları dövlətin qanunlarına hörmət etməlidirlər".

Hacı Rahim İsmayılov əlavə edib ki, xüsusilə gənclər bilməlidirlər ki, ailə qurmaq yalnız sevgi ilə bitmir:

"Ailə məsuliyyət, səbir, qarşılıqlı etibar, hörmət və fədakarlıq tələb edir. İnsan ailə qurmazdan əvvəl öz üzərinə götürdüyü məsuliyyəti dərk etməlidir. Ən vacib məsələlərdən biri də erkən nikahların qarşısının alınmasıdır. Uşaqların və yeniyetmələrin gələcəyini qorumaq hər birimizin mənəvi və ictimai məsuliyyətidir. Din də insanın, ailənin və övladın haqqının qorunmasına böyük əhəmiyyət verir. Ona görə mən yeniyetmələrə və erkən nikah düşünənlərə, öncə onların valideynlərinə, sonra da onlara tövsiyə edərdim ki, nikaha tələsməsinlər, əvvəlcə ailə məsuliyyətini dərk etsinlər, hüquqlarını və vəzifələrini öyrənsinlər. Ailə yalnız toy günü qurulmur; ailə hər gün qarşılıqlı hörmət və məsuliyyətlə qurulur. Bizim məqsədimiz dini dəyərlərlə hüquqi və ictimai məsuliyyəti qarşı-qarşıya qoymaq yox, gənclərə hər ikisini düzgün şəkildə izah etmək olmalıdır. Çünki sağlam cəmiyyət sağlam və məsuliyyətli ailələrdən başlayır".