İşə qəbul üçün pul tələb olunması cəmiyyətdə ciddi hüquqi problemlərə yol açır. Vətəndaşlar çox vaxt asan yolla iş tapmaq ümidi ilə aldanırlar. Amma bu addım onları maddi və qanuni risklərlə üz-üzə qoyur.
Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, işə düzəltmək adı ilə pul tələb olunması qanuni prosedur deyil və çox ciddi hüquqi risk yaradır.

Onun sözlərinə görə, işə qəbul əmək müqaviləsi, müsabiqə, vakansiya tələbləri və işəgötürənin rəsmi qərarı əsasında həyata keçirilməlidir:
""Pul ver, səni işə düzəldim" təklifi isə əksər hallarda ya dələduzluq, ya da korrupsiya xarakterli münasibət kimi qiymətləndirilə bilər. Əgər şəxs real səlahiyyəti olmadığı halda vətəndaşı aldadaraq "səni işə düzəldəcəyəm" adı ilə pul alırsa, bu əməl dələduzluq əlamətləri yarada bilər. Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, dələduzluq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə kimi müəyyən olunur. Amma məsələ bununla bitmir. Əgər pul hansısa vəzifəli şəxsə verilmək, işə qəbul prosesinə qanunsuz təsir göstərmək, müsabiqədən və ya rəsmi qaydadan kənar üstünlük əldə etmək məqsədilə tələb olunursa, burada artıq rüşvət vermə, rüşvət alma və ya rüşvətdə vasitəçilik məsələləri də araşdırıla bilər. Cinayət Məcəlləsində rüşvət alma və rüşvət vermə ilə bağlı ayrıca məsuliyyət nəzərdə tutulur.
Vətəndaşlar xüsusilə bu məqamlara diqqət etməlidirlər: işə qəbul üçün pul tələb olunursa, bu, rəsmi dövlət rüsumu və ya qanuni ödəniş deyil; ödəniş nağd şəkildə, qəbzsiz və "öz aramızda" istənilirsə, bu artıq ciddi şübhə doğurur; "tanışım var", "vakansiyanı bağlatdıracam", "imtahansız düzəldəcəm" kimi vədlərə inanmaq olmaz. Belə hallarda vətəndaş ilk növbədə sübutları qorumağa çalışmalıdır: yazışmalar, səs mesajları, bank köçürmələri, şahidlər, elan və ya vasitəçi ilə əlaqəyə dair məlumatlar saxlanılmalıdır. Daha sonra hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
Ən vacib məqam odur ki, vətəndaş özü də qanunsuz yolla işə düzəlmək üçün pul verməməlidir.
Çünki məqsəd vəzifəli şəxsə və ya işə qəbul prosesinə qanunsuz təsir göstərməkdirsə, pul verən şəxs də hüquqi məsuliyyət riski ilə üzləşə bilər. Ali Məhkəmənin dələduzluqla bağlı Plenum qərarında da qeyd olunur ki, vəzifəli şəxsə vermək məqsədilə pul alan vasitəçi ilə bağlı hallar işin konkret məzmunundan asılı olaraq dələduzluq, rüşvət verməyə cəhddə iştirakçılıq və ya mənimsəmə kimi qiymətləndirilə bilər; belə hallarda pul verən şəxsin də məsuliyyəti istisna olunmur.
Qısa desək, işə düzəlmək üçün pul vermək çıxış yolu deyil, əksinə, vətəndaşı həm maddi zərərə, həm də hüquqi məsuliyyət riskinə sala bilər. İşə qəbul yalnız rəsmi prosedurla aparılmalı, hər hansı "pul ver, düzəldim" təklifi ilə bağlı isə dərhal sübutlar toplanaraq aidiyyəti orqanlara müraciət edilməlidir".
Yəni qeyri-rəsmi yollarla işə düzəlməyə çalışmaq vətəndaşı asanlıqla cinayətkara çevirə bilər. Qanuni prosedurlardan kənara çıxmaq əvəzinə fırıldaqçılardan uzaq durmaq şərtdir.


