Bəzi çay növlərinin tərkibində dəriyə müsbət təsir göstərə bilən antioksidant və bitki mənşəli birləşmələr var. Onların iltihab, oksidləşdirici stress və hormonal proseslərə təsir göstərə biləcəyi bildirilir.
Demokrat.az xəbər verir ki, "Health" nəşri dəri sağlamlığını dəstəkləyə bilən 6 çay növünü açıqlayıb.
Nanə çayı – xüsusilə hormonal səpkilərlə mübarizədə faydalı ola bilər. Araşdırmalardan birində polikistik yumurtalıq sindromu olan qadınların bir ay ərzində nanə çayı qəbul etməsindən sonra testosteron səviyyəsinin təxminən 25 faiz azaldığı müəyyənləşib.
Yaşıl çay yüksək miqdarda katexinlər ehtiva edir. Bu antioksidantlar dərini oksidləşdirici stressdən qorumağa, iltihabı azaltmağa və kollagenlə elastinin zədələnməsinin qarşısını almağa kömək edə bilər. Bir araşdırmada iki həftə ərzində gündə üç fincan yaşıl çay içən şəxslərdə dərinin antioksidant aktivliyinin təxminən 29 faiz artdığı müşahidə olunub.
Ağ çay da antioksidantlarla zəngindir. Onun tərkibindəki bəzi bitki birləşmələrinin kollagen və elastini qoruyaraq dərinin möhkəmliyinə və elastikliyinə dəstək ola biləcəyi qeyd edilir.
Hibiskus çayı dərinin nəmlənməsinə kömək edə bilər. Laboratoriya araşdırmaları hibiskusda olan maddələrin kollagen və hialuron turşusunun istehsalını dəstəkləyə biləcəyini göstərir. 12 həftəlik bir araşdırmada günəşdən zədələnmiş quru dərisi olan şəxslərdə nəmlik və elastiklik göstəricilərində yaxşılaşma qeydə alınıb.
Çobanyastığı çayı tərkibindəki apigenin kimi birləşmələrə görə diqqət çəkir. Laboratoriya tədqiqatlarında çobanyastığının dəriyə tətbiqinin qızartı, şişkinlik və ekzema əlamətlərini azaltmağa kömək edə biləcəyi göstərilib. Lakin çobanyastığı çayının içilməsinin sızanaq və ekzemanı müalicə etdiyinə dair kifayət qədər sübut yoxdur.
Roybush çayı isə aspalatin, notofagin və flavonoidlər kimi antioksidantlar ehtiva edir. Laboratoriya araşdırmaları bu maddələrin dəri hüceyrələrini oksidləşdirici stressdən və ultrabənövşəyi şüaların yaratdığı zədələrdən qorumağa kömək edə biləcəyini göstərir.
Jalə


