Cəmiyyət

Divarıma maşın çırpıldı, zərəri kim ödəməlidir? — Açıqlama

Divarıma maşın çırpıldı, zərəri kim ödəməlidir? — Açıqlama

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin hasara, darvazaya və ya digər daşınmaz əmlaka zərər vurması halları baş verir. Belə vəziyyətdə əmlaka dəyən zərərin kim tərəfindən və hansı qaydada ödənilməsi məsələsi gündəmə gəlir.

Avtomobil qəza törədərək şəxsin daşınmaz əmlakına, məsələn, hasarına və ya darvazasına zərər vurarsa, əmlak sahibi dəymiş ziyanı necə və hansı qaydada tələb edə bilər?

Hüquqşünas Səməd Vəkilov Demokrat.az-a söyləyib ki, daşınmaz əmlakın yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmlaka hər hansı zərər vurularsa, həmin zərərin əvəzinin ödənilməsi mülki qanunvericiliyə əsasən hadisənin törədilməsində təqsirli olan şəxs tərəfindən qarşılanmalıdır:

Divarıma maşın çırpıldı, zərəri kim ödəməlidir? — Açıqlama

"Burada əsas məsələ hadisənin baş verməsinin və əmlaka dəymiş zərərə görə konkret şəxsin məsuliyyət daşımasının müəyyən edilməsidir. Əlbəttə, yol-nəqliyyat hadisəsi nəticəsində şəxsin sağlamlığına ağır zərər dəydikdə və ya digər qanunla müəyyən edilmiş hallarda hadisə cinayət məsuliyyətinə səbəb ola bilər. Əgər qəza nəticəsində fiziki şəxslər xəsarət almayıbsa və hadisədə cinayət tərkibi yoxdursa, bu halda məsələ inzibati qaydada həll olunur və müvafiq qərar qəbul edilir".

Onun sözlərinə görə, belə hallarda inzibati xəta haqqında qərar və ya cinayət işi üzrə qəbul edilmiş hökm preyudisial əhəmiyyət daşıya bilər:

"Yəni həmin qərar və ya hökm hadisənin baş verməsi, eləcə də hadisənin törədilməsində təqsirli şəxsin müəyyən edilməsi baxımından mühüm hüquqi əhəmiyyət kəsb edir. Bu sənədlər sonradan əmlaka dəymiş zərərin mülki qaydada tələb edilməsi zamanı da əsas kimi çıxış edə bilər. Əmlaka vurulmuş zərərin ödənilməsi isə, bir qayda olaraq, mülki hüquq münasibətləri çərçivəsində həll edilir. Əgər hadisə ilə bağlı cinayət işi başlanıbsa, zərərçəkmiş şəxsin həmin cinayət işi çərçivəsində mülki iddia qaldırmaq hüququ var. Bu zaman əmlaka dəymiş zərərin də cinayət işi üzrə araşdırılması mümkündür. Bununla yanaşı, şəxs özünə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı ayrıca mülki iddia da qaldıra bilər. Yəni zərərçəkmiş şəxsin vurulmuş zərərin hüquqi qaydada təqsirkar şəxsdən tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mexanizmlərdən istifadə etmək hüququ var. Burada zərərin məbləğinin və əmlaka dəymiş zərərin məhz həmin yol-nəqliyyat hadisəsi nəticəsində yarandığının sübut edilməsi də mühüm əhəmiyyət daşıyır".

FH
Fidan Hacızadə
Müxbir