Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzərə aldığı üçün Türkiyəni seçir. Türkiyəyə əcnəbi tələbələr ən çox Azərbaycan, Misir, Türkmənistan, Bolqarıstan və Rusiya kimi ölkələrdən gəlirlər.
Türkiyə universitetlərində azərbaycanlı tələbələrin sayının yüksək olmasının əsas səbəbləri nələrdir?
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a bu barədə açıqlamasında bildirib ki, Türkiyə universitetlərində təhsil alan Azərbaycan əsilli tələbələrin sayının çox olmasının əsas səbəblərindən biri, əlbəttə, eyni dili bölüşməyimiz, demək olar ki, eyni mətbəxə sahib olmağımız və daha asan qəbul imkanlarının olmasıdır.

Onun sözlərinə görə, vətəndaşlarımız məhz bu səbəblərdən Türkiyə universitetlərində təhsil almaqda maraqlıdırlar:
"Həmçinin burada, Türkiyə ilə olan qardaşlıq bağlarımız da mühüm rol oynayır. Eyni millət, fərqli dövlət olsaq da, digər türk dövlətləri ilə müqayisədə Türkiyə ilə bağlılığımız daha çoxdur. Bu bağlılıqların olması da, əlbəttə, ölkə vətəndaşlarımızın məhz qardaş ölkə Türkiyədə təhsil almasına bir növ rəvac verir".
Ekspert əlavə edib ki, o nöqteyi-nəzərdən müqayisə etsək, Azərbaycan vətəndaşları Türkiyədə, xüsusilə də Türkiyə universitetlərində daha çox təhsil alırlar:
"Burada həm təhsilin əlçatanlığı, illik təhsil haqlarının nisbətən az olması, eyni zamanda daha asan qəbul imkanları rol oynayır. Bilirsiniz ki, attestatla Türkiyə universitetlərinə qəbul olmaq mümkündür. Bu da vətəndaşlarımızın həmin universitetlərə daha rahat qəbul olunmasına imkan verir. Belə olduğu təqdirdə, təbii ki, bu amillər ümumi statistikanın formalaşmasına da təsir göstərir".

