Kriminal

"Gördüm ki, arvadım qaşlarını səliqəyə salıb, döydüm"

Gördüm ki, arvadım qaşlarını səliqəyə salıb, döydüm

Lənkəranda 56 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun kəndlərindən birində baş verib.

1970-ci il təvəllüdlü Aqil birgə yaşadıqları evin yataq otağında həyat yoldaşı Sevda (adlar şərtidir – red.) ilə qısqanclıq zəminində mübahisə edib.

İstintaq sənədlərinə görə, Aqil yaşadığı evin yataq otağında arvadı Sevdanın ona xəyanət etməsindən şübhələndiyini bildirməsi ilə əlaqədar aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı yumruqla ağız nahiyəsinə, taxta parçası ilə bədən nahiyələrinə zərbələr vurub.

Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadının ona xəyanət etməsindən şübhələndiyi üçün gecə saat 02 radələrində yaşadığı evdə olarkən yataq otağına keçib:

"Həmin vaxt arvadım yataqda uzanmışdı. Mən ona nə üçün qaşlarına və üzünə baxım etdirdiyini, bunu kim üçün etdiyini soruşdum. O, cavabında mənə xəyanət etmədiyini və nə üçün ona böhtan atdığımı bildirdi. Mən əsəbli olduğum üçün özümü cilovlaya bilmədim və arvadımı dinləmədən onun üzünə bir dəfə yumruqla vurduqdan sonra yatağın üzərindən götürdüyüm bədən qaşımaq üçün istifadə olunan taxta parçası ilə qoluna bir neçə dəfə vurdum".

Zərərçəkmiş Sevda da ərinin ifadəsinə oxşar danışıb və bildirib ki, əri ilə barışıq əldə edib, ondan heç bir şikayəti yoxdur.

Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

R
Redaktor