Kriminal

Bakıda qadın ərinin sözündən çıxdığına görə döyüldü — Təfərrüat

Bakıda qadın ərinin sözündən çıxdığına görə döyüldü — Təfərrüat

Bakının Nəsimi rayonunda 35 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 13-də Nəsimi rayonu, Cavadxan küçəsi 13 ünvanında yerləşən "Yaşam Resdicence" yaşayış kompleksinin həyətində baş verib.

İstintaq sənədlərinə görə, 1991-ci il təvəllüdlü Əhməd qeyd olunan ərazidə saat 16 radələrində həyat yoldaşı Ramilə (adlar şərtidir – red.) ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onun sağ ayağına təpiklə vuraraq xəsarət yetirib.

Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə protokol tərtib edilib.

İş üzrə izahat verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ramilə ilə 2017-ci ildə ailə həyatı qurub, birgə nikahdan iki azyaşlı övladları dünyaya gəlib:

"Hadisədən təxminən 10 gün əvvəl həyat yoldaşım mənə heç bir söz demədən iki azyaşlı övladını götürərək valideynlərinin evinə getdi. Həmin vaxtdan etibarən həyat yoldaşımın evdən hansı səbəbdən getdiyini bilmək məqsədilə mobil telefonuna dəfələrlə zənglər etsəm də, o, zənglərimə cavab vermədi. Hətta bir neçə dəfə Ramilənin hazırda yaşadığı ata evinə gedərək uşaqlarımı görmək istəsəm də, mənzilin qapısını açan olmadı".

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 13-də, saat 16:00 radələrində övladını görmək məqsədilə Ramilənin yaşadığı ünvan istiqamətinə gəlib:

"Nəsimi rayonu, Cavadxan küçəsi 13 ünvanında Ramilə ilə rastlaşdım. Ona yaxınlaşaraq məndən xəbərsiz niyə evdən çıxdığını soruşdum. Həmçinin hansı məqsədlə evdən çıxması ilə maraqlandım. Bu zaman Ramilənin mənimlə kobud danışması və övladımı mənə göstərməməsi səbəbindən əsəbləşdim. Ona ayaq zərbəsi vurdum. Daha sonra Ramilə sözlərimə əhəmiyyət vermədən oradan uzaqlaşmağa çalışdığı zaman, ondan cavab almaq məqsədilə saçından tutaraq geriyə doğru dartdım. Sonradan mənə məlum oldu ki, həyat yoldaşım onu döyməyimlə bağlı polisə şikayət edib".

Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini bildirib, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Ramilənin sözlərinə görə, hadisədən təxminən 10 gün əvvəl həyat yoldaşı Əhmədlə ailə-məişət zəminində mübahisə edib və sonra valideynlərinin evinə gəlib:

"2026-cı il yanvarın 13-də, təxminən saat 16:00 radələrində Cavadxan küçəsində həyat yoldaşım Əhmədlə rastlaşdım. O, yaxınlaşaraq məndən xəbərsiz bayıra çıxmağıma və övladımı ona göstərməməyimə görə kobud şəkildə danışmağa başladı. Onun dediklərinə əhəmiyyət vermədən yaşadığım ünvan istiqamətində hərəkət etməyə davam etdim. Yaşayış kompleksinin həyətinə çatdığımız zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı məndən uzaq durmasını və ətrafıma bir daha yaxınlaşmamasını tələb etdim. Lakin Əhməd gözlənilməz şəkildə sağ ayağıma vuraraq xəsarət yetirdi. Bu hərəkətlərdən sonra oradan uzaqlaşmağa çalışdığım zaman Əhməd saçlarımdan tutaraq özünə tərəf dartdı. Bundan sonra Əhmədə məni döyməsi ilə bağlı polisə şikayət edəcəyimi dedim. Bu zaman o, şikayət edəcəyimi görərək oradan getdi".

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Əhmədə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bundan başqa, ona cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün axşam saat 20:00-dan növbəti gün səhər saat 08:00-dək tərk etməsi, Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.

Hökmə əsasən, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Bundan əlavə, ona kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Fariz Məlikli

R
Redaktor