Sağlam qidalanmağa başlamaq asan görünsə də, bunu uzun müddət davam etdirmək bir çox insan üçün çətin olur. İnsanlar müəyyən müddət sonra əvvəlki qidalanma vərdişlərinə qayıda və sağlam seçimlərdən uzaqlaşa bilirlər.
Bəs sağlam qidalanmaq istəyən insanların bu rejimi uzun müddət davam etdirməsinə nə mane olur?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Şəbnəm Nazarova bildirib ki, insanların sağlam qidalanmağa başlayıb bir müddət sonra bunu davam etdirə bilməməsinin səbəbi çox vaxt iradəsizlik deyil.

Onun sözlərinə görə, əsas problem sağlam qidalanma anlayışının cəmiyyətdə yanlış və həddindən artıq məhdud şəkildə formalaşmasıdır:
"Sağlam qidalanma həyatımızdan bütün sevdiyimiz qidaları çıxarmaq, yalnız tərəvəz yemək, çörəyi tamamilə kəsmək və ya daim az yemək demək deyil. Lakin sosial mediada yayılan yanlış məlumatlar və xüsusilə əvvəllər sərt dietlər tətbiq etmiş insanların təcrübələri sağlam qidalanma anlayışını çox vaxt ac qalmaq, özünü məhdudlaşdırmaq və bir çox qidanı qadağan etmək ilə əlaqələndirir. İnsanlarda "sağlam qidalanıramsa, çörək yeməməliyəm", "kartof olmaz", "yalnız salat yeməliyəm", "şirniyyatı tamamilə həyatımda çıxarmalıyam" kimi düşüncələr yarana bilir. Beləliklə, sağlam qidalanma gündəlik həyatla ziddiyyət təşkil edən, sərt və davam etdirilməsi çətin bir "diet" formasına çevrilir.
Halbuki sağlam qidalanma ilk növbədə balanslı, müxtəlif və insanın gündəlik həyatına uyğun qidalanmaqdır. Hər bir qida qrupunun sağlam qidalanmada öz yeri və əhəmiyyəti var. Məqsəd qidaları tamamilə qadağan etmək deyil, ümumi qidalanma modelində düzgün tarazlığı yaratmaqdır.
Evdə hazırladığımız pomidor, badımcan, bibər dolması, sobada bişirilmiş kartof, toyuq əti, tərəvəz yeməkləri, paxlalılar, taxıl məhsulları və digər ənənəvi yeməklər düzgün porsiya və hazırlanma üsulu ilə balanslı qidalanmanın bir hissəsi ola bilər.
Hətta Azərbaycan mətbəxinə nəzər saldıqda müxtəlif və qida dəyəri yüksək məhsullardan istifadə edən kifayət qədər menyu çeşidimizin olduğunu görürük. Problem çox zaman hansı qidanı yeməyimizdən daha çox, qidanı necə, nə qədər və hansı qidalarla birlikdə istehlak etdiyimizdədir".
Dietoloq əlavə edib ki, digər tərəfdən, qidalanmada balansı pozan məsələlərdən biri ultra-emal olunmuş qidaların həddindən artıq və tez-tez istehlak edilməsidir:
"Sağlam qidalanmağa başlamaq üçün bütün qadağaları birdən tətbiq etmək əvəzinə, bu tip qidaların miqdarını və tezliyini azaltmaq, gündəlik rasionda tərəvəz, meyvə, tam və ya daha az emal olunmuş taxıl məhsulları, paxlalılar, süd məhsulları və uyğun protein mənbələrinə daha çox yer vermək daha davamlı yanaşmadır. Məqsəd balans yaratmağı öyrənməkdir.
Bununla yanaşı, sağlam qidalanmanı yalnız fərdin iradəsi və seçimi üzərindən qiymətləndirmək də doğru deyil. Gündəlik həyatın təlaşında qida hazırlamağa vaxt tapmayan insanlar üçün əlçatan və balanslı şirkət menyularının artırılması, insanların çöldə yemək yediyi zaman fast-food əvəzinə balanslı ev yeməkləri təqdim edən kafe və restoran seçimlərinin çoxaldılması, eləcə də iş yerləri və digər qurumlarda sağlam qidalanma vərdişlərinin mütəxəssislər tərəfindən təşviq edilməsi də bu prosesin vacib hissəsidir".

