Kriminal

Evdə araq içməyi 1000 manata başa gəldi — Səbəb

Evdə araq içməyi 1000 manata başa gəldi — Səbəb

Masallı rayonunda 36 yaşlı kişi həyat yoldaşına şiddət göstərməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı şəhəri, H. Əliyev prospektində olan fərdi evlərdən birində baş verib.

1990-cı il təvəllüdlü Sənan özünə məxsus fərdi yaşayış evində arvadı Fazilə (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Fazilə ərinə spirtli içki qəbul etməsi ilə bağlı irad bildirib. Bununla əlaqədar Sənan aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadının üz və qol nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirib.

Sənanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Fazilə ilə 2018-ci ildə ailə həyatı qurub, onunla birgə nikahdan 1 azyaşlı övladı var:

"Arvadımla münasibətlərim əvvəllər yaxşı olub. Son zamanlar ailədə spirtli içki qəbul etməyim səbəbindən narazılıqlar yarandı. Məlum hadisə günü, saat 21 radələrində günəmuzd fəaliyyəti göstərərək evə gəldim. Evə gəlməmişdən qabaq Masallı rayon ərazisində fəaliyyət göstərən kafelərdən birində 200 qram spirtli içki qəbul etdim. Evə gələrkən də 250 qramlıq spirtli içki aldım. Evdə spirtli içki qəbul edərkən arvadım mənə içki içməyimi dayandırmağımı bildirdi. Mən bundan əsəbləşərək arvadımı əlimlə vurdum".

Təqsirləndirilən şəxs ifadəsinin sonunda arvadı ilə barışmasını, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı övladının olmasını nəzərə alınmasını xahiş edib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Sənan 1000 manat məbləğində cərimə olunub. Cəzanın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilib.

Fariz Məlikli

R
Redaktor