Əhalinin banklardan kredit götürməsinin artması borclanma yükünün yüksəlməsi ilə bağlı sualları gündəmə gətirir. Bu prosesin hansı hallarda bank sektoru üçün risk yarada biləcəyi və problemli kreditlərin artıb-artmayacağı maraq doğurur.
Əhalinin borclanmasının artması hansı hallarda bank sektoru üçün risk yarada və problemli kreditləri artıra bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, inflyasiyanın sürətinin artması, milli valyutanın dəyərdən düşməsi, likvidlik balansının pozulması, pulun dövriyyə sürətinin azalması və s. kimi problemlər problemli kreditlərin həcminin daha da artmasına səbəb olur.
Onun sözlərinə görə, depozit faizlərinin vətəndaşa geri qaytarıla bilməməsi artıq son həddir:
"Ümumiyyətlə, şəxsin tək gəlir mənbəyi əməkhaqqıdırsa, kreditin növündən asılı olaraq kreditləşmə prosesi daha da çətinləşdirilməlidir. Məsələ yalnız şəxsin işdən çıxması nəticəsində faizlərin hesablanması ilə borc məbləğinin artması, daha sonra məhkəməyə verilməsi və əmlakı varsa, həmin əmlaka həbs qoyulması kimi mərhələlərlə məhdudlaşmamalıdır. Kredit verilərkən şəxsin gəlir imkanları və borcu ödəmə qabiliyyəti daha ətraflı nəzərə alınmalıdır.
Hər bir şəxsin ödəmə qabiliyyətindən və götürdüyü kreditin növündən asılı olaraq faiz həddi də fərqli müəyyənləşdirilməlidir. Eyni zamanda, 3–6 aylıq qısamüddətli kreditlərin tamamilə faizsiz olması təklif edilə bilər.
Digər tərəfdən, yüksək məbləğli kreditlərin verilməsi zamanı yalnız şəxsin əməkhaqqının deyil, onun əlavə gəlir mənbələrinin də nəzərə alınması məqsədəuyğun olardı. Belə yanaşma borcalanın real ödəmə qabiliyyətinin daha düzgün qiymətləndirilməsinə imkan verə bilər".

