Özəl

Ankaranın İrəvan gedişi nəyi dəyişir — Politoloq açıqladı

Ankaranın İrəvan gedişi nəyi dəyişir — Politoloq açıqladı

Türkiyənin Ermənistanla bağlı bir sıra məhdudiyyətləri aradan qaldırması və iki ölkə arasında normallaşma prosesinin sürətlənməsi regionda yeni siyasi və iqtisadi imkanlar yarada bilər. Ermənistan tərəfi də bu addımı münasibətlərin normallaşması istiqamətində mühüm mərhələ kimi qiymətləndirib.

Bəs Türkiyənin Ermənistanla bağlı bu qərarı Azərbaycan–Ermənistan münasibətlərinə və Cənubi Qafqazda yaranan yeni siyasi düzənə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyə bilərik.

Onun sözlərinə görə, may ayında Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin yaranmasına dair razılaşma əldə olunub:

"Bu, əlbəttə, Ermənistanın iqtisadi və ticarət əlaqələrinin inkişafına, xüsusən Türkiyə ilə yaxınlaşmasına kömək edir. Amma eyni zamanda, bu, Azərbaycan-Ermənistan münasibətlərinə təsir edən amil kimi də dəyərləndirilə bilər.

Ümumiyyətlə, Türkiyə Ermənistana münasibətdə hər zaman Azərbaycan-Ermənistan münasibətlərinə öncəlik verib və hazırda Türkiyə ilə Ermənistan arasında sərhəd də açılmayıb. Bu da yenə Azərbaycan və Türkiyə arasındakı münasibətlərə, yəni sülh sazişinə və əldə olunacaq razılaşmalara bağlıdır.

Amma bütün hallarda Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranması bütövlükdə Cənubi Qafqazdakı vəziyyəti də dəyişir. Belə ki, bu, Türkiyənin Cənubi Qafqazdakı siyasi proseslərə qoşulması və təsir imkanlarını artırması üçün şərait yaradır. Zatən Azərbaycanla Türkiyə arasında kifayət qədər ciddi dialoq, əməkdaşlıq və strateji tərəfdaşlıq var. Amma tədricən Türkiyə ilə Ermənistan arasında da əlaqələrin yaranması gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını sürətləndirən bir faktor kimi çıxış edə bilər. Eyni zamanda, bu, bütövlükdə Cənubi Qafqazda Türkiyənin təsir imkanlarını artırır.

Cənubi Qafqazda təqribən yeni vəziyyət yaranır. Bu da ənənəvi olaraq Rusiyanın təsir dairəsində olan bu bölgədə Türkiyənin mövqeyinin güclənməsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu qərarlar Azərbaycan-Ermənistan münasibətlərinin də normallaşmasının vacibliyini ortaya qoyur.

Artıq bölgə dövlətlərinin, xüsusilə Cənubi Qafqaz ölkələrinin Qərbə və dünyaya çıxışı, o cümlədən Türkiyə üzərindən dünya bazarlarına çıxış imkanları getdikcə genişlənir. Əlbəttə, burada Azərbaycanın Naxçıvanla birbaşa ticarət və nəqliyyat əlaqələrinin yaranması, nəqliyyatın Ermənistan üzərindən birbaşa çıxış imkanlarının formalaşması da vacibdir. Bütövlükdə bu, bölgənin indiyə qədər mövcud olan müəyyən blokadalardan qurtulması mənasını verir.

Hər halda, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin yaranması bölgədəki gərginliyin azalmasına və müəyyən məhdudiyyətlərin aradan qalxmasına gətirib çıxara bilər. Bütövlükdə bu proses Azərbaycan-Ermənistan münasibətlərinin inkişafına və dinamikasına da təsir edə bilər".