Son vaxtlar iş elanları arasında əməkdaş deyil, təcrübəçi axtarışı adı altında vakansiyalara da rast gəlinir. Bəzi hallarda isə təcrübə proqramı kimi təqdim olunan bu elanlarda namizəddən tam işçi kimi müəyyən işləri yerinə yetirməsi, iş qrafikinə və digər tələblərə əməl etməsi gözlənilir.
Şirkətlər hansı hallarda təcrübəçi adı altında faktiki olaraq işçi çalışdıra bilər?
Demokrat.az-a bu barədə açıqlama verən insan resursları üzrə menecer Röyal Əhmədov bildirib ki, burada əsas məsələ şəxsin şirkətdə hansı adla təqdim olunması deyil, faktiki olaraq hansı fəaliyyəti həyata keçirməsidir:

"Təcrübə proqramının əsas məqsədi şəxsin peşə üzrə praktiki bilik və bacarıqlar əldə etməsi, iş mühitini öyrənməsi və təcrübəli əməkdaşların nəzarəti altında inkişaf etməsidir. Əgər şirkət təcrübəçi adı ilə qəbul etdiyi şəxsdən artıq tam işçi kimi konkret əmək funksiyasını yerinə yetirməyi, müəyyən edilmiş iş qrafikinə riayət etməyi, rəhbərin gündəlik tapşırıqlarını icra etməyi və şirkətin əsas iş prosesində daimi iştirak etməyi tələb edirsə, burada artıq əmək münasibətinin olub-olmaması məsələsi ortaya çıxır. Məsələn, şəxs hər gün 09:00-dan 18:00-dək işə gəlir, müəyyən vəzifə üzrə çalışır, rəhbərliyə tabedir, gündəlik iş tapşırıqları alır, digər əməkdaşlarla eyni funksiyaları yerinə yetirir və şirkətin real iş yükünü daşıyırsa, həmin şəxsin sadəcə təcrübəçi adlandırılması münasibətin mahiyyətini avtomatik olaraq dəyişmir".
Mütəxəssis qeyd edib ki, eyni zamanda, yalnız iş qrafikinin və ya müəyyən tapşırıqların olması avtomatik şəkildə əmək münasibətinin mövcudluğu demək deyil:
"Təcrübə proqramının da müəyyən vaxt çərçivəsi, qaydaları və praktiki tapşırıqları ola bilər. Burada əsas məsələ həmin fəaliyyətin məqsədi və faktiki məzmunudur. Əgər şəxsin əsas fəaliyyəti öyrənmək, müşahidə etmək və mentorun nəzarəti altında praktiki bacarıqlar qazanmaqdırsa, bu, real təcrübə proqramına uyğun ola bilər. Əksinə, şirkət təcrübəçidən faktiki olaraq boş iş yerini doldurmağı və daimi əmək funksiyasını yerinə yetirməyi gözləyirsə, artıq münasibətin əmək münasibəti kimi rəsmiləşdirilməsi məsələsi gündəmə gəlir. Ona görə də mən hesab edirəm ki, şirkətlər təcrübə proqramı ilə real işə qəbul prosesini bir-birindən dəqiq ayırmalıdırlar. Təcrübəçi şirkət üçün sadəcə ödənişsiz və ya daha ucuz əmək qüvvəsi olmamalıdır. Təcrübə proqramının mərkəzində öyrənmə və peşəkar inkişaf dayanmalıdır. Qısaca desək, təcrübəçi adının özü şirkətə şəxsi faktiki işçi kimi rəsmiləşdirmədən çalışdırmaq hüququ vermir. Əsas olan şəxsin müqavilədə və ya elanda necə adlandırılması yox, şirkətdə faktiki olaraq hansı işi və hansı şəraitdə yerinə yetirməsidir".

