II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda böyük həcmdə aktivləri idarə edən qlobal investorların iştirakı və 10 milyard dollardan çox potensial investisiyanı əhatə edən razılaşmaların imzalanması Azərbaycana investisiya marağını gündəmə gətirib. Bu marağın əsas səbəbləri və investisiyaların hansı sahələrə yönələ biləcəyi diqqət çəkir.
Demokrat.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli bildirib ki, qlobal investorların Azərbaycana marağının artması məhz sabitliklə bağlıdır.

Onun sözlərinə görə, burada ilk növbədə siyasi sabitliyi qeyd etmək lazımdır:
"Ölkədəki siyasi sabitlik investorların Azərbaycana, xüsusilə də regionun aparıcı ölkələrindən biri kimi marağını artırır. İkinci növbədə milli valyutanın məzənnəsinin sabit qalmasını qeyd etmək lazımdır. Həmin forumda çıxış edən Azərbaycan Prezidenti də qeyd etdi ki, Azərbaycan manatının məzənnəsi sabitdir, uzun illərdir bu sabitlik qorunub saxlanılır və valyuta ehtiyatlarımız hesabına bu sabitlik bundan sonra da uzun müddət qorunub saxlanılacaq. Bu, xüsusi bir məqam idi. Cənab Prezident bunu təsadüfən qeyd etmirdi.
Burada ilk növbədə nəzərə almalıyıq ki, inflyasiya riskləri minimuma enir. Məhz investorlar ilk növbədə həm ölkələrin kredit reytinqinə diqqət edirlər, həm də milli valyutanın məzənnəsinin nə qədər sabit və dayanıqlı olduğunu əsas prioritet kimi götürürlər.
Azərbaycan manatı sabitliyini uzun illərdir qoruyub saxlayır və bundan sonra da məzənnə sabitliyinin, dayanıqlılığının davam edəcəyi gözlənilir. Məhz belə olan təqdirdə investorların Azərbaycana marağı artır. Azərbaycanın kredit reytinqinin son illərdə yaxşılaşması da ölkənin investisiya mühiti üçün əlverişli şəraitin olduğunu əsaslandıran vacib amillərdən biridir.
Bundan başqa, Azərbaycanın artıq müharibə şəraitində olmadığını da nəzərə alsaq, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Ermənistanla münasibətlərdə sabitliyin qorunub saxlanması və sülh danışıqlarının intensiv şəkildə davam etdirilməsi regionda investisiyaların risk altında olma ehtimalını azaldır. Bu proses davam etdirildikcə həm Azərbaycana, həm də Cənubi Qafqaza investisiya axınının artması gözlənilir və əsas axının Azərbaycana yönəlməsi ehtimalı da artır.
Məhz Amerika Birləşmiş Ştatlarının Zəngəzur dəhlizi ilə bağlı TRIPP layihəsinə investisiya ayırması, bu istiqamətdə intensiv danışıqların və paralel tədbirlərin həyata keçirilməsi həm regionun təhlükəsizliyi baxımından ciddi bir layihə kimi qəbul edilməlidir, həm də Cənubi Qafqaz ölkələrinin kredit reytinqlərinin yaxşılaşması və xarici investorların cəlb edilməsi baxımından yaxşı perspektivlər vəd edir.
Bütün bunları qeyd etməklə yanaşı, nəzərə almalıyıq ki, Azərbaycan təkcə region üçün deyil, eyni zamanda Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas təşəbbüskarlarından və icraçılarından biridir.
Quru yollarla yüklərin daşınması və Asiyadan Avropaya çıxış imkanlarının genişləndirilməsi istiqamətində Orta Dəhlizin reallaşdırılması üzrə çox ciddi addımlar atılır. Burada həm region ölkələri arasındakı dəmir yollarının birləşdirilməsi, həm də Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana gələn yüklərin Azərbaycan vasitəsilə Gürcüstandan keçməklə Avropa bazarlarına çıxışının təmin edilməsi nəzərdə tutulur.
Bu da çox ciddi layihədir və Azərbaycan bu layihənin əsas təşəbbüskarlarından biridir.
Ona görə də Azərbaycanın investisiya mühitinin yaxşılaşması yaxın gələcəkdə ölkəmizin həm iqtisadi potensialının genişlənməsinə, həm də güclənməsinə səbəb olacaq və investorların ölkəmizə marağını artıracaq".

