Özəl

Yerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli

Yerli istehsal niyə sərfəli deyil? — Natiq Cəfərli

Azərbaycanın Rusiyadan souslar, dad əlavələri və qarışıq ədviyyatlar idxalına milyonlarla dollar xərcləməsi diqqət çəkir. Bu məhsulların bir hissəsinin ölkə daxilində istehsal imkanlarının olması isə idxaldan asılılıq məsələsini gündəmə gətirir.

Bəs belə məhsulların idxalının artmasının əsas səbəbləri nələrdir və Azərbaycanda onların yerli istehsalını genişləndirmək üçün hansı addımlar atılmalıdır?

Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dünyada da ölkələrin öz istehsal imkanları olduğu halda müəyyən məhsulları digər ölkələrdən idxal etməsinin səbəbləri tez-tez müzakirə olunur.

Onun sözlərinə görə, ölkənin həmin məhsulu istehsal etmək imkanının olması hələ o demək deyil ki, həmin məhsul daxildə mütləq daha ucuz başa gələcək:

"Burada diqqət çəkən iki önəmli məsələ var. Birincisi, Rusiyadan gətirilən məhsullar daha ucuzdursa, onlar yerli istehsalla rəqabət apararaq bazara daxil olacaqlar. İstehlakçı da təbii olaraq daha ucuz və keyfiyyətli məhsula üstünlük verəcək. Bu baxımdan, yalnız idxalın qarşısını almaqla problemi həll etmək mümkün deyil. Əsas məsələ yerli istehsalçının rəqabət qabiliyyətini artırmaqdır.

İkinci sual isə yaranır ki, həmin məhsullar niyə yerli istehsaldan daha ucuzdur? Yəni yerli istehsal niyə sərfəli deyil, niyə bahadır? Bunun elektrik enerjisinin və yaxud kommunal xidmətlərin baha olması, vergi sistemi, əməkhaqqı xərcləri, logistika və digər istehsal xərcləri ilə bağlı olub-olmadığı araşdırılmalıdır. Eyni zamanda, sahibkarın xammalı hansı qiymətə əldə etməsi, məhsulun bazara çatdırılmasına çəkilən xərc və digər amillər də nəzərə alınmalıdır.

Bu məsələlər araşdırıldıqda və problemin kökü müəyyən edildikdə, bu tipli problemləri həll etmək mümkün olur. Əgər Rusiyadan gələn məhsul yerli istehsaldan daha ucuz başa gəlirsə, həmin məhsul bazara daxil olacaq və onun qarşısını almaq çətin olacaq. Burada əsas məqsəd idxalı inzibati yollarla məhdudlaşdırmaq deyil, yerli istehsalı daha rəqabətqabiliyyətli vəziyyətə gətirmək olmalıdır.

Ona görə də biz yerli istehsalın maya dəyərinin aşağı salınması haqqında düşünməli və bu istiqamətdə addımlar atmalıyıq. Əgər yerli istehsalçı daha aşağı xərclə məhsul istehsal edə bilsə, həm daxili bazarda idxal məhsulları ilə daha yaxşı rəqabət apara, həm də gələcəkdə xarici bazarlara çıxış imkanlarını genişləndirə bilər".