Maraqlı

Çəki artımını qismən ləngidən süd məhsulu açıqlandı

Çəki artımını qismən ləngidən süd məhsulu açıqlandı

Dəvə südü yüksək yağ tərkibli pəhriz zamanı çəki artımını ləngidə və yağ toplanmasını məhdudlaşdıra, həmçinin maddələr mübadiləsinin göstəricilərini yaxşılaşdıra bilər. Bu qənaətə Daxili Monqolustan Kənd Təsərrüfatı Universitetinin alimləri gəliblər.

Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Eksperiment zamanı siçanlar yeddi həftə ərzində adi yemlə və ya yüksək yağ tərkibli qida ilə bəsləniblər. Yağlı pəhriz saxlayan heyvanların bir hissəsinə əlavə olaraq dəvə südü verilib.

Süd verilən siçanların bədən çəkisi və piy toxumasının miqdarı eyni kalorili rasionla yalnız yağlı qida qəbul edən heyvanlarla müqayisədə daha aşağı olub. İkinci qrupda həmçinin trigliseridlərin və "pis" xolesterin hesab edilən aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsi azalıb.

Bundan əlavə, dəvə südü qaraciyərdə yağ toplanmasını azaldıb. Tədqiqatçılar heyvanların bağırsaq mikroflorasında da dəyişikliklər aşkar ediblər. Onun tərkibi artıq miqdarda qida yağlarının səbəb olduğu pozuntulardan sonra qismən bərpa olunub.

Alimlərin bildirdiyinə görə, iltihabəleyhinə prosesləri gücləndirən Mucispirillum, Escherichia-Shigella və Faecalitalea bakteriya cinslərinin sayı azalıb. Eyni zamanda bağırsaqda maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən və orqanizmin enerji balansına təsir göstərə bilən qısa zəncirli yağ turşularının miqdarı artıb.

Alimlərin fikrincə, dəvə südünün təsiri eyni anda bir neçə mexanizmlə bağlı ola bilər. Bunlara bağırsaq mikroflorasına təsir, qaraciyərdə yağların emalı prosesləri və öd ifrazına cavabdeh genlərin ekspressiyasının tənzimlənməsi daxildir.

Jalə