Özəl

Hamam dəsmallarını nə qədər tez-tez yumaq lazımdır?

Hamam dəsmallarını nə qədər tez-tez yumaq lazımdır?

Hamam dəsmallarının nə qədər tez-tez yuyulması gündəlik həyatda çox vaxt diqqətdən kənarda qalır. Bəzi insanlar dəsmalları həftədə bir dəfə yuyur, bəziləri isə daha uzun müddət istifadə edir. Mütəxəssislər isə bunun gigiyena baxımından arzuolunmaz nəticələrə səbəb ola biləcəyini bildirirlər.

Demokrat.az xəbər verir ki, Lester Universitetinin klinik mikrobiologiya professoru Primrose Freestonenin sözlərinə görə, hamam dəsmalları ən çoxu iki istifadədən bir yuyulmalıdır. Gündə bir dəfə duş qəbul edən insan üçün bu, dəsmalın təxminən iki gündən bir yuyulması deməkdir. İmmuniteti zəif olan və ya bədənində açıq yara olan şəxslər üçün isə dəsmalı hər istifadədən sonra yumaq daha təhlükəsiz seçim sayılır.

Duşdan sonra təmiz görünən dəsmal belə çoxsaylı mikroorqanizmlər daşıya bilər. Bədəni quruladıqda dəsmala minlərlə dəri hüceyrəsi və çoxlu sayda mikrob keçir. Dəsmal təkrar istifadə edildikcə mikroorqanizmlərin miqdarı arta bilər.

Onların arasında E. coli, Staphylococcus aureus və Klebsiella kimi bakteriyalar da ola bilər. Xüsusilə dəsmalın uzun müddət nəm qalması bakteriya və göbələklərin çoxalması üçün əlverişli mühit yaradır. Qalın toxumalı dəsmallar isə gec quruduqları üçün bu baxımdan daha problemli ola bilər.

Dəsmallar niyə tez pis qoxuyur?

Dəsmallarda yaranan kifə bənzər qoxunun səbəbi yalnız nəmlik deyil. Nəm dəsmalda yuyucu vasitə qalıqları, bədən mayeləri və ölü dəri hüceyrələri mikroorqanizmlər üçün əlverişli mühit yarada bilər. Nəticədə xoşagəlməz qoxuya səbəb olan maddələr əmələ gəlir.

Mütəxəssislər şəxsi dəsmalların başqaları ilə paylaşılmamasını da tövsiyə edirlər. Ümumi istifadə olunan dəsmallar bəzi infeksiyaların yayılmasına şərait yarada bilər.

Dəsmalları hansı temperaturda yumaq lazımdır?

Dəsmalların yuyulmasında temperatur da mühüm amildir. Mümkün olduqda onları deterjanla 60 dərəcədə yumaq bakteriya və göbələklərin böyük hissəsinin zərərsizləşdirilməsinə kömək edə bilər. Yuyulduqdan sonra isə dəsmalların tam qurudulması vacibdir.

Nəm dəsmalı uzun müddət qapalı yerdə saxlamaq mikroorqanizmlərin çoxalmasını sürətləndirə və pis qoxunun yenidən yaranmasına səbəb ola bilər.

Yuyulmuş dəsmalları tam qurumadan şkafa yerləşdirmək də düzgün deyil. Mümkündürsə, onları günəş altında qurutmaq faydalıdır. Günəş işığı quruma prosesini sürətləndirməklə yanaşı, mikroorqanizmlərin azalmasına da kömək edə bilər. Hava şəraiti uyğun olmadıqda isə quruducu maşından istifadə etmək mümkündür.

Jalə