Özəl

"İranın tezliklə bu sazişə qoşulacağı real görünmür"

İranın tezliklə bu sazişə qoşulacağı real görünmür

Yaxın Şərqdə diplomatik təmasların intensivləşdiyi bir vaxtda İranın Məkkə Sazişinə qoşulmaq istəyi gündəmə gəlib. Tehran tərəfindən atıla biləcək belə bir addımın regiondakı siyasi və hərbi balansı dəyişə biləcəyi müzakirə olunur.

İranın Məkkə Sazişinə qoşulması Yaxın Şərqdə siyasi və hərbi balansı necə dəyişə bilər?

Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, son günlər Yaxın Şərqdə ABŞ-İran arasında diplomatik təmasların intensivləşdiyini görürük.

Onun sözlərinə görə, hələlik bu təmasların ciddi nəticələri olmasa da, prosesin daha uyğun zəmində, daha yumşaq formada irəliləməsi üçün dialoqa ehtiyac var:

"İranın Məkkə Sazişinə qoşulması ilə bağlı hələlik rəsmi qərar yoxdur. Amma nəzərə alsaq ki, İran rəsmiləri və siyasətçiləri Məkkə Sazişi imzalanandan sonra ona qarşı olduqca aqressiv mövqe sərgiləmişdilər, bu baxımdan, əlbəttə ki, İranın tezliklə bu sazişə qoşulacağı real görünmür. Çünki İran bu sazişi imzalamış ölkələri özünün rəqibləri olaraq görür, xüsusilə də Səudiyyə Ərəbistanı ilə bağlı İranın problemlərini biz bilirik. Daha doğrusu, İran Səudiyyə Ərəbistanını təsir altında saxlamağa çalışır, təzyiq etmək istəyir, özünün Müsəlman dünyasında əsas rəqiblərindən biri kimi onu qəbul edir. Bu baxımdan İranın bu sazişə qoşulması real görünmür.

Amma əgər ehtimal etsək ki, belə bir istək reallaşa bilər, o zaman şübhəsiz ki, Müsəlman dünyasının böyük ölkəsinin bir blokda birləşməsi və müttəfiq olması, əlbəttə ki, Yaxın və Orta Şərqdə geosiyasi vəziyyəti ciddi şəkildə dəyişə bilər, güc balansını dəyişə bilər və Yaxın Şərqə nəhayət sabitlik gətirə bilər. Amma təəssüflə qeyd etmək lazımdır ki, hələlik İranın bununla bağlı real istəklərinin olduğunu düşünmürəm. Çünki İranın siyasəti əslində Yaxın Şərqdə ekspansionist bir siyasətdir. Məsələn, bu siyasətin nəticəsində də Yaxın Şərqdə həm İsrail, həm də İran vəziyyəti sabitsizləşdirən tərəflər kimi görünürlər".