İdman

Türkiyə Montella üçün qərar verir: Gedəcək, ya qalacaq?

Türkiyə Montella üçün qərar verir: Gedəcək, ya qalacaq?

Dünya çempionatında yaşanan məyusluğun ardından Millətlər Liqasına da doğma meydanda iki məğlubiyyətlə başlayan Türkiyə A milli komandasında baş məşqçi Vinsentso Montella ilə yolların ayrılması ehtimalı gündəmə gətiriləcək.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Montella üçün yolun sonu görünür. Dünya çempionatında yaşanan böyük məyusluğun ardından Fransa məğlubiyyəti ilə başlayan mənfi mənzərə İtaliya qarşısında alınan ağır məğlubiyyətlə daha da dərinləşib. Ay-ulduzlular ardıcıl olaraq güclü rəqiblər qarşısında istədikləri futbolu nümayiş etdirə bilməyib və məsuliyyətin yönəldildiyi ilk şəxs italiyalı baş məşqçi olub.

Montellanın xüsusilə oyun planı, heyət seçimləri və matç zamanı etdiyi dəyişikliklər ciddi şəkildə sorğulanır. Rəqibə görə dəyişməyən sistem, hücumda məhsuldarlığın azalması və komandanın geriyə düşdüyü anlarda oyuna yenidən nəzarəti ələ ala bilməməsi məşqçilər korpusuna yönələn əsas tənqidlər sırasındadır. Kritik matçlarda oyunçu dəyişikliklərinin vaxtlaması da müzakirə mövzusudur.

Dünya çempionatı zamanı da oxşar problemlər gündəmə gəlmiş, Montellanın oyun planının rəqiblər tərəfindən çözülməsi ilə bağlı qiymətləndirmələr səsləndirilmişdi. Turnirdən sonra italiyalı mütəxəssis özü də ilk iki matçda ən azı bir xal qazanılmasının vacibliyini etiraf etmişdi.

İndi isə vəziyyət daha ağırdır. Dünya çempionatındakı məyusluq, Fransa məğlubiyyəti və İtaliya qarşısında böyükhesablı yenilgi Montellanın gələcəyini müzakirə mövzusuna çevirib. Milli komandanın xüsusilə böyük matçlarda nümayiş etdirdiyi oyun "Bu komandanın başında Montella ilə davam edilməlidirmi?" sualının daha yüksək səslə səsləndirilməsinə səbəb olub.

İtaliya ilə oyundakı məğlubiyyətdən sonra diqqətlər artıq Türkiyə Futbol Federasiyasına yönəlib. Federasiya rəhbərliyinin Montella ilə davam edib-etməmək məsələsini qiymətləndirməsi gözlənilir.

Jalə