Özəl

Bakıda maşın ustası təmiri yubatdığına görə döyüldü

Bakıda maşın ustası təmiri yubatdığına görə döyüldü

Bakının Suraxanı rayonunda 53 yaşlı kişi avtomobil ustasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş verib.

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Aydın həmin sexdə rəngsaz işləyən Müşfiqin (adlar şərtidir – red.) ona məxsus minik avtomobilinin rənglənmə işlərini yubatmasını bəhanə edib, aralarında yaranmış mübahisə zamanı istifadə etdiyi metal təkər açarı ilə onun baş nahiyəsinə bir zərbə vurub.

Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Müşfiqi tanıyır, əvvəl bir yerdə işləyiblər:

"Təxminən 1 il öncə mənə məxsus avtomobili təmir etməsi üçün Müşfiqə təhvil verdim. Bu 1 il ərzində dəfələrlə onun yanına gedərək avtomobilimi götürmək istəsəm də, o, avtomobili təmir etmədiyini bildirdi".

Təqsirləndirilən şəxs deyib ki, 22 aprel 2025-ci il tarixdə Müşfiqin işlədiyi iş yerinə gedib və avtomobilini təmir etməsini tələb edib: "Bundan sonra aramızda sözlü mübahisə başladı. Mübahisə zamanı Müşfiq arxama keçərək qollarımdan tutdu. Bu zaman orada olan Müşfiqin qardaşı Kamal üzərimə gəldi. Mən bu zaman alətlərin qoyulduğu yerdən avtomobil təkəri açarını götürərək Müşfiqi başına vurdum ki, qolumu buraxsın və qardaşı məni vura bilməsin. Bundan sonra Müşfiq oradan çıxaraq kənarda olan polis əməkdaşlarını çağırdı. Sonra isə polis əməkdaşları gəldilər, bizi polis bölməsinə apardılar".

İş üzrə zərərçəkmiş Müşfiqin sözlərinə görə, Aydını əvvəllər tanıyıb, Qaraçuxur qəsəbəsində avtomobil təmir servisində bir yerdə işləyiblər: "2024-cü ilin sentyabr ayında Aydından 150 manat borc aldım. Həmin ərəfələrdə o, avtomobilimi təmir edirdi. Aydından 150 manat pul borc alandan sonra ona pulu qaytarmağına ehtiyac olmadığını, pulun əvəzinə təmir etdirdiyim avtomobilin rənglənmə işlərini etməsini bildirdim. O, etiraz etmədi, razılaşdı. 2024-cü ilin sonlarında iş yerimi dəyişərək Yeni Günəşli qəsəbəsində avtotəmir sexinə keçdim. Aydının avtomobilini də oraya apardım. Bundan sonra həmin avtomobili rənglədiyim müddətdə arabir servisə baş çəkirdi, hər dəfə baş çəkəndə rənglədiyim avtomobilin yaxşı rənglənmədiyini, yenidən rəngləməyimi tələb etdi".

Müşfiq qeyd edib ki, 2025-ci ilin aprel ayının əvvəllərində həmin avtomobili tamamilə rəngləyərək bitirəndən sonra Aydın yenə də avtomobilin rəngini bəyənmədiyini, təzədən bu işi görməyi tələb edib: "Həmin an Aydına işini düzgün və verdiyi borc - 150 manatdan da artıq dəyərdə gördüyümü bildirdim. Lakin o, yenə də razılaşmadı. Mən də Aydına hörmət etdiyim üçün və dava-dalaş olmaması üçün yenidən rəngləyəcəyimi bildirdim. Yenidən avtomobilin üzərində işləməyə başladım".

Zərərçəkmiş bildirib ki, aprelin 22-də Aydın avtomobilə görə yenidən servisə gəlib: "Avtomobilin tam rənglənmədiyini görərək üstümə qışqırmağa başladı. Həmin vaxt başqa avtomobil üzərində işləyirdim. Bu an o, sinə nahiyəmə bir dəfə yumruq zərbəsi endirdi. Bundan sonra tutaşdıq, həmin an qardaşım araya girərək bizi aralamağa çalışdı. Bu an Aydın yerdən təkər açarını götürərək qardaşıma tərəf atmaq istədi. Lakin buna imkan vermədim, Aydının əllərini arxadan tutdum, təkər açarının olduğu əlini çəkərkən digər əlini buraxdım. Elə həmin anda o, təkər açarını boşa çıxan əlinə alaraq arxasında olduğum halda baş nahiyəmə vurdu. Bu anda baş nahiyəmdən yara açıldı, qan axmağa başladı".

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor