Texnologiya

"SpaceX" canlı yayımı zamanı "UNO görüldü" iddiası: "Ana gəmiyə bənzəyir!" - VİDEO

SpaceX canlı yayımı zamanı UNO görüldü iddiası: Ana gəmiyə bənzəyir! - VİDEO

"SpaceX"in nəhəng "Starship" raketi sentyabrın 28-də Texasdakı Starbase bazasından həyata keçirilən 14-cü sınaq uçuşunda ilk dəfə Yer orbitinə çatıb. Lakin tarixi uçuşu canlı izləyənlərin bir qismi diqqətini raketdən çox arxa plandakı bir obyektə yönəldib.

Demokrat.az xəbər verir ki, yayımın təxminən 8-ci dəqiqəsində "Starship"in arxasında görünən solğun mavi, bir qədər əyri və ucu parlaq ağ rəngdə olan iz qısa müddətdə sosial mediada "UNO ana gəmisi" iddialarına səbəb olub.

Lakin ekspertlərin fikrincə, görüntüdəki obyekt ana gəmi deyil, "Super Heavy" raketindən geridə qalan işlənmiş qaz bulududur.

Ekran görüntüləri X-də sürətlə yayılarkən bir istifadəçinin "Texas üzərində Starship-i izləyən UNO ana gəmisini canlı yayımladılar" paylaşımı gündəmə gəlib. Bəzi izləyicilər obyektin "bir şəhərdən daha böyük" göründüyünü iddia edib, digərləri isə "Az əvvəl yadplanetlilərin ana gəmisini gördük" şərhini yazıb. Görüntünün yayımın təxminən 7 dəqiqə 55-ci saniyəsində meydana gəldiyi bildirilir.

İddialara ilk cavab verənlərdən biri X-in süni intellekt köməkçisi "Grok" olub. "Grok" obyektin "Super Heavy" itələyicisindən ayrılma və geri dönüş manevrindən sonra qalan, demək olar ki, vakuum şəraitində genişlənən işlənmiş qazla uyğun gəldiyini bildirib. O, eyni tipli buludun yayımda T+6:35 dəqiqəsində də göründüyünü xatırladaraq bunun "standart raket fizikası, ana gəmi olmadığını" qeyd edib.

Mühəndislər Din Skott və Kayl Holl da görüntüdəki izin itələyici mühərriklərinin söndürülməsindən sonra dağılan qazdan yarandığını bildiriblər. Onların sözlərinə görə, obyektin nəhəng görünməsi isə arxadakı parlaq Yer üfüqünün yaratdığı miqyas illüziyası ilə əlaqədardır.

Digər tərəfdən, nə "SpaceX", nə NASA, nə də İlon Mask məsələ ilə bağlı hər hansı açıqlama verib.

Şirkətin əsas gündəmi isə başqa olub. "Starship" 26 yeni nəsil "Starlink" V3 peykini orbitə çıxarsa da, yüksəliş zamanı "Raptor" mühərriklərindən birinin gözlənilmədən dayanması səbəbindən planlaşdırılan 10 saatlıq missiya təxminən 3 saatla məhdudlaşdırılıb. "SpaceX" ehtiyat tədbiri olaraq "orbitdə keçirilən müddəti məhdudlaşdırmaq" qərarının verildiyini açıqlayıb. Sakit okeanın şimalına enən aparat suya toxunduğu anda böyük bir alov topuna çevrilib.

NASA rəhbəri Cared Ayzekman isə "SpaceX"i təbrik edənlər arasında olub. Bu uçuş agentlik üçün mühüm mərhələ hesab olunur. Çünki 2028-ci ildə planlaşdırılan "Artemis" Ay enişi missiyasında "Starship"in bir versiyasından istifadə edilməsi gözlənilir.

Jalə