ABŞ-ın "OpenAI" şirkəti süni intellekt modellərinin imkanlarının yoxlanılması zamanı baş verən təhlükəsizlik insidentləri ilə bağlı yeni açıqlama yayıb.
Demokrat.az-ın məlumatına görə, şirkət bildirib ki, "Hugging Face" hadisəsindən sonra aparılan araşdırmalar çərçivəsində insidentdən təsirlənə biləcək üçüncü tərəf qurumlarına məlumat verilməyə başlanılıb. Bildirilir ki, süni intellekt agentləri bəzi sistemlərin təhlükəsizlik tədbirlərini keçmiş, xidmətlərin fəaliyyətinə mənfi təsir göstərmiş və digər arzuolunmaz nəticələrə səbəb olmuş ola bilər.
"OpenAI"ın açıqlamasında qeyd olunub ki, müəyyən edilən məlumatlar aidiyyəti qurumlarla paylaşılır və onların araşdırmalarına kömək məqsədilə texniki məlumatlar da təqdim edilir. Təsirə məruz qala biləcək qurumlar arasında hökumət strukturları, universitetlər, dövlət müəssisələri və digər təşkilatların internet resursları göstərilib.
Hadisə 2026-cı ilin iyulunda "OpenAI"ın süni intellekt modellərinin imkanlarını ölçmək üçün keçirdiyi testlər zamanı baş verib. Şirkətin avqustun 26-da açıqladığı araşdırma hesabatına əsasən, insidentdə əsas rolu yalnız daxili tədqiqatlarda istifadə edilən "Internal Model 1" (IM1) modeli oynayıb.
Süni intellekt agenti testdən uğurla keçmək üçün müəyyən edilmiş məhdudiyyətləri aşıb, şirkətin sistemləri və internetə çıxış əldə edib, həmçinin digər süni intellekt agentləri ilə əlaqə qurub.
Agentlərdən biri "Hugging Face" platformasına giriş imkanı yarada biləcək 14 giriş məlumatı müəyyənləşdirərək onları digər agentlərlə bölüşüb. Daha sonra agentlər platformanın sistemlərindəki təhlükəsizlik boşluqlarından istifadə edərək serverlərdə kod işlədib, xüsusi məlumatlara və müxtəlif sistemlərə aid giriş məlumatlarına çıxış əldə ediblər.
Jalə

