Özəl

Məşhur milyarder: "Süni intellekt bir milyard insanın ölümünə səbəb olacaq gücə malikdir"

Məşhur milyarder: Süni intellekt bir milyard insanın ölümünə səbəb olacaq gücə malikdir

Süni intellekt bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb olmaq üçün kifayət qədər gücə malikdir.

Demokrat.az xəbər verir ki, bu fikri "Microsoft" şirkətinin həmtəsisçisi, milyarder və xeyriyyəçi Bill Qeyts NBC kanalında yayımlanan "Meet the Press" proqramına müsahibəsində səsləndirib. Müsahibənin tam versiyası sentyabrın 27-də yayımlanacaq.

Bill Qeytsin sözlərinə görə, pis niyyətli insanların ən yeni süni intellekt alətləri ilə birləşməsindən daha güclü silah indiyədək mövcud olmayıb.

Bill Qeyts Vaşinqtondakı qanunvericiləri süni intellektin inkişafını tənzimləməyə çağırıb. O bildirib ki, heç kim özünütənzimləmənin kifayət etdiyini düşünmür və bu sahədə Vaşinqtonda qanun qəbul edilməsinin zəruri olub-olmadığı ilə bağlı suala müsbət cavab verib.

"İstintaq orqanlarının və siyasətçilərin təhlükəsizlik və monitorinq tədbirlərinin necə olması barədə müzakirələrə qoşulması zəruridir. Bu, məcburi tələbə çevrilməlidir. Bu, sənaye üçün müəyyən əlavə xərclər yaradacaq, lakin onların fəaliyyətinin əhəmiyyətli dərəcədə yavaşlamasına səbəb olmayacaq", deyə o bildirib.

Daha əvvəl "OpenAI" rəhbəri Sem Altman, "Anthropic" şirkətinin baş direktoru Dario Amodei, "SpaceX"in təsisçisi İlon Mask, "Google" şirkətinin rəhbəri Sundar Piçai, eləcə də bir sıra alim və tədqiqatçılar süni intellektin sürətli inkişafı ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bill Qeyts də ötən ay bloqunda süni intellektin inkişafı fonunda insanların kütləvi şəkildə işlərini itirməsi riskindən narahatlığını ifadə etdiyi esse dərc edib və bununla bağlı bir sıra təkliflər irəli sürüb.

Jalə