Texnologiya

"Tesla" 2017-ci ildə elan etdiyi modelin kütləvi istehsalına başladı

Tesla 2017-ci ildə elan etdiyi modelin kütləvi istehsalına başladı

"Tesla" 2017-ci ildə təqdim etdiyi elektrikli yük maşını "Semi"nin yüksək həcmli istehsalına başlayıb. Şirkət Nevada ştatındakı zavodunda keçirilən tədbirdə istehsal prosesinin yeni mərhələyə keçdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, "Tesla Semi" iki fərqli yürüş məsafəsi ilə təqdim ediləcək. Uzunmənzilli versiyanın bir dəfə doldurulma ilə təxminən 805 kilometr, standart modelin isə 523 kilometr məsafə qət edəcəyi bildirilir.

Elektrikli yük maşınlarının geniş yayılmasının qarşısındakı əsas məsələlərdən biri şarj infrastrukturudur. Böyük batareyalara malik bu nəqliyyat vasitələri yüksək güclü xüsusi şarj məntəqələrinə ehtiyac duyur. "Tesla Semi" proqramının rəhbəri "Dan Priestley" şirkətin ilin sonuna qədər yüksək güclü şarj məntəqələrinin sayını 30-a çatdırmağı planlaşdırdığını açıqlayıb.

Elektrikli ağır tonnajlı avtomobillərin digər əsas problemi isə yüksək ilkin qiymətdir. Belə modellərin dizel analoqlarından iki-üç dəfə baha ola bildiyi qeyd olunur. Bununla belə, daha aşağı enerji xərcləri uzunmüddətli istismar zamanı bu fərqi qismən kompensasiya edə bilər.

"Tesla Semi" üçün artıq böyük sifariş də verilib. "Microsoft" və "PepsiCo"nun da daxil olduğu şirkətlərdən ibarət qrup ümumilikdə 2 500 ədəd elektrikli yük maşını sifariş edib. İlk avtomobillərin bu il təhvil verilməsi, sifarişlərin isə təxminən 18 ay ərzində tamamlanması planlaşdırılır.

Qeyd edək ki, "Tesla Semi" ilk mərhələdə şirkətin "Full Self-Driving" (Supervised) sürücü dəstək sistemini əldə etməyəcək. Elon Musk sistemin gələcəkdə "Semi" modelinə gətiriləcəyini desə də, bunun üçün konkret tarix açıqlamayıb.

Jalə