Özəl

"Azərbaycan-Türkiyə münasibətləri bir çox dövlətlərdə narahatlıq yaradır" — ŞƏRH

Azərbaycan-Türkiyə münasibətləri bir çox dövlətlərdə narahatlıq yaradır — ŞƏRH

"Bu günlərdə dünyada, xüsusən də bizim regionda çox ciddi geosiyasi dəyişikliklər baş verir. Bir çox dövlətlər artıq təsir imkanlarını itirirlər, yeni dövlətlər öz təsir imkanlarını artırmaq istəyirlər və bu geosiyasi mübarizə getdikcə genişlənir. Və bu ərəfədə Azərbaycan-Türkiyə münasibətləri, Azərbaycan-Türkiyə müttəfiqliyi müqayisə olunmayan, başqa dövlətlər arasında olan münasibətlərdən fərqli olaraq, əlbəttə ki, bir çox dövlətlərdə narahatlıq yaradır. Və bu baxımdan hər vəchlə çalışacaqlar, bütün imkanlardan istifadə edərək Azərbaycanla Türkiyə münasibətlərini pozmağa. Ona görə ki, bu təkcə Azərbaycan-Türkiyə qardaşlığı deyil, buna geniş baxmaq lazımdır, bu, Türk Dövlətləri Birliyinin formalaşmasıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Murad Saddəddinov deyib.

Onun sözlərinə görə, son dövrdə Azərbaycan, Türkiyə və Özbəkistan silahlı qüvvələri Şuşada, Qarabağda təlimlər keçiriblər:

"Yəni artıq Türk Dövlətləri Birliyi hərbi cəhətdən də formalaşmağa başlayır. Bu baxımdan, Cənubi Qafqazda və Orta Asiyada böyük dövlətlərin təsir imkanları zəiflədikcə, Türk dövlətlərinin imkanları getdikcə artır və onlar, bütün imkanlardan istifadə edərək bu prosesi pozmağa çalışacaqlar.

Və nəzərə alaq ki, BMT-də zaldan çıxmaq və ya çıxmamaq o qədər də vacib məsələ deyil ki, buna bu qədər reaksiya olsun. Aydın məsələdir ki, bu, süni şəkildə sadəcə olaraq yaradılmış bir problemdir. Bu baxımdan, vaxtilə Azərbaycanın düşməni, Xocalı qatili, hansı ki, bunu açıq şəkildə elan etmişdi ki, bəli, qəsdən Xocalıda biz bu soyqırımı keçirdik ki, azərbaycanlıları qorxudaq, Ermənistanın keçmiş prezidenti Sarkisyan dəfələrlə BMT-dən çıxış edirdi, öz mövqeyini, işğalçı mövqeyini təbliğ edirdi.

Və biz orada müsəlman ölkələrinin, qardaş Türkiyənin zaldan çıxmasını görməmişdik və buna da heç etiraz da eləməmişdik, bunu normal qarşılayırdıq ki, əlbəttə ki, düşməninə də qulaq asmalısan, dostuna da qulaq asmalısan. BMT-nin tribunası elədir ki, orada bir-birinə zidd mövqelər səsləndirilir.

Məsələ ətrafında bu qədər müzakirə aparmağa ehtiyac yoxdur. Azərbaycan və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığından sonra məsələ öz həllini tapa bilər. Azərbaycan-Türkiyə müttəfiqliyinin və gələcəkdə Türk Dövlətləri Birliyinin möhkəmlənməsindən narahat olan qüvvələr bu münasibətlərə xələl gətirməyə çalışa bilərlər".