Maraqlı

Dünyanın ən qədim kitabı – 2 min ildən çox yaşı var

Dünyanın ən qədim kitabı – 2 min ildən çox yaşı var

Dünyanın ən qədim kitabının hansı olması ilə bağlı alimlər arasında hələ də yekdil fikir yoxdur.

Ən qədim kitab nümunələri arasında Avstriyanın Qrats Universitetinin kitabxanasında saxlanılan papirus fraqmenti xüsusi yer tutur.

Sözügedən fraqment eramızdan əvvəl təxminən 260-cı ilə aid edilir. 2023-cü ildə tədqiqatçı Tereza Zammit Lupi Qrats Universitetinin kitabxanasında saxlanılan papirusları araşdırarkən onun qatlarında sap izləri aşkar edib. Sonrakı araşdırmalar göstərib ki, bu, kodeks formasında hazırlanmış qədim kitabın bir hissəsidir.

Təxminən 25x15 santimetr ölçüsündə olan papirusun üzərində yunan hərfləri ilə pivə və yağ vergilərinə dair qeydlər yer alıb. Yazılar qara mürəkkəblə işlənib. Mütəxəssislər bildirirlər ki, papirus daha sonra mumiyanın bükülməsi üçün istifadə olunub və bu sayədə iki min ildən artıq müddətdə qorunub saxlanılıb.

Dünyanın ən qədim yazılı mətnlərindən biri isə Priss papirusudur. Təxminən eramızdan əvvəl 1800-cü ilə aid edilən və uzunluğu 7 metrdən çox olan bu nümunə hazırda Fransanın Milli Kitabxanasında saxlanılır.

Digər maraqlı nümunə isə eramızdan əvvəl təxminən 600-cü ilə aid edilən etrusk qızıl lövhələridir. Altı ədəd 24 karatlıq qızıl vərəqdən ibarət olan bu artefaktlar halqalar vasitəsilə bir-birinə birləşdirilib. Qədim etrusk dilində yazılmış lövhələr Bolqarıstanda tapılıb və hazırda Sofiyadakı Milli Tarix Muzeyində nümayiş olunur. Onlar çoxsəhifəli ən qədim yazılı nümunələrdən biri hesab edilir.

Dünyanın ilk tarixli çap kitabı isə "Diamond Sutra" hesab olunur. Buddist mətnindən ibarət əsər 868-ci ilə aiddir və kağız üzərində ksilografiya üsulu ilə çap edilib.

Təxminən 5 metr uzunluğunda olan əsər 1907-ci ildə Çinin Dunhuang bölgəsindəki mağaralardan birində, on minlərlə digər sənədlə birlikdə aşkar olunub. Hazırda "Diamond Sutra" Britaniya kitabxanasında saxlanılır.(lent.az)

NE
Nihadə Eyyubova