Bəzi insanların maqneziumu əlavə şəklində qəbul etməsinə ehtiyac yarana bilər. Lakin əlavələrin, yoxsa balqabaq tumunun daha yaxşı olduğu sualına universal cavab yoxdur.
Demokrat.az xəbər verir ki, bu barədə "Verywell Health" məlumat yayıb.
Diyetoloqların sözlərinə görə, 28 qram balqabaq tumunun tərkibində təxminən 150 milliqram maqnezium olur. Maqnezium əlavələri isə 100-400 milliqram arasında bu mineralı təmin edə bilər.
Mütəxəssislər bildirirlər ki, əlavələr orqanizmin ehtiyacı olduğu halda maqneziumun konsentratlaşdırılmış dozasını qəbul etməyə imkan verir. Xüsusilə maqnezium çatışmazlığı və ya onun mənimsənilməsi ilə bağlı problem olduqda əlavələr çatışmazlığın aradan qaldırılmasında daha effektiv ola bilər. Problem məhz mənimsənilmə ilə bağlıdırsa, çatışmazlığın qarşısını almaq üçün əlavələrin qəbulu zəruri ola bilər.
Diyetoloqlar xəbərdarlıq ediblər ki, maqnezium əlavələri müxtəlif formalarda istehsal olunur və bu, onların mənimsənilməsinə və orqanizm tərəfindən qəbul edilməsinə təsir göstərir. Məsələn, maqnezium sitrat və maqnezium qlisinat yaxşı mənimsənilir. Maqnezium oksidinin isə bioəlçatanlığı daha aşağıdır və onun mədə-bağırsaq sistemi ilə bağlı yan təsirlərə səbəb olma ehtimalı daha yüksəkdir.
Ümumilikdə balqabaq tumu digər qida maddələrini də təmin etdiyi üçün əlavələrdən daha faydalı hesab olunur. Onun tərkibi lif, zülal, faydalı yağlar və antioksidantlarla zəngindir.
Mütəxəssislərin vurğuladığı kimi, ciddi sağlamlıq problemi olmayan insanların faydalı maddələri məhz qida məhsullarından alması daha məqsədəuyğundur.
Jalə

