Şou-biznes

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı 11 milyard lirəlik qalmaqal

Mustafa Sandalın həyat yoldaşı ilə bağlı 11 milyard lirəlik qalmaqal

Türkiyədə davam edən fond araşdırması çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın da adı gündəmə gəlib.

Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Sandalın Sermaye Piyasası Kurulu (SPK) tərəfindən ləğv edilməsi qərara alınan fondlardan son üç ay ərzində 11 milyard TL-dən çox vəsait çıxardığı iddia olunur. Bununla yanaşı, onun barəsində xaricə çıxış qadağası tətbiq edildiyi və əmlakına həbs qoyulduğu bildirilir.

İddia jurnalist Yiğit Uzun tərəfindən gündəmə gətirilib. Mustafa Sandalın meneceri Tekin Önal isə məsələ ilə bağlı bildirib ki, sözügedən əməliyyatların tərəfi müğənninin həyat yoldaşıdır və Mustafa Sandalla bağlı birbaşa əməliyyat və ya ittiham yoxdur.

Məsələ ilə bağlı Melis Sütşurup Sandalın vəkilindən də açıqlama gəlib. Vəkil Şahin Baran 11 milyard TL-lik vəsait çıxarılması barədə məlumatın həqiqəti əks etdirmədiyini və bu rəqəmin rəsmi sənəd və ya təsdiqlənmiş məlumatla əsaslandırılmadığını bildirib.

Vəkilin açıqlamasına görə, Melis Sandal və atası Cihan Sütşurupun ləğv edilən fondlarda hələ də yatırımları var və fondların bağlanması səbəbindən həmin vəsaitlərə çıxış əldə edə bilmirlər. Müdafiə tərəfi onları fond qalmaqalından qazanc götürən şəxslər deyil, prosesdən zərər çəkən investorlar kimi təqdim edir.

Digər tərəfdən, bəzi Türkiyə mediasında aparılan araşdırmalara istinadən Melis Sandalın sözügedən fondlardan 11 milyard 126 milyon TL-dən çox çıxış etdiyi, həmin məbləğin müəyyən hissəsinin gəlir olduğu və fondlarda təxminən 250 milyon TL vəsaitinin qaldığı barədə məlumatlar yayılıb. Lakin bu rəqəmlərlə bağlı tərəfin vəkili rəsmi təsdiqin olmadığını bildirir.

Melis Sandalın vəkilinin açıqlamasında həmçinin qeyd olunur ki, səlahiyyətli qurumların araşdırması nəticəsində hər hansı gəlirin digər investorların zərəri ilə əlaqəli və qanunsuz olduğu müəyyənləşərsə, həmin vəsaitin qanuni qaydada dövlətə və aidiyyəti qurumlara qaytarılmasına hazırdırlar.

Qeyd edək ki, Melis Sütşurup Sandalın atası Cihan Sütşurup barəsində də 2026-cı ilin fevralında SPK-nın müraciəti əsasında hüquqi proses başladıldığı və əmlakına tədbir görüldüyü barədə məlumat yayılıb.

Jalə