Smartfonların mütəmadi təmizlənməsi vacib olsa da, yanlış vasitələrdən istifadə cihazın ekranına və digər hissələrinə ciddi zərər vura bilər. Mütəxəssislər telefonun şüşə korpusa malik olmasının onun məişət kimyəvi vasitələri ilə təmizlənə biləcəyi anlamına gəlmədiyini bildirirlər.
Demokrat.az xəbər verir ki, bu barədə "Engadget" yazıb.
Adi şüşə təmizləyiciləri, ağardıcılar, hidrogen peroksid və digər aqressiv maddələr ekranın üzərindəki oleofob örtüyü zədələyə bilər. Bu örtük barmaq izlərinin və yağ ləkələrinin qarşısını alır. Onun zədələnməsi ekranın daha tez çirklənməsinə və toxunuş zamanı səthin əvvəlki hamarlığını itirməsinə səbəb ola bilər.
Telefonun gündəlik təmizliyi üçün ən təhlükəsiz vasitələrdən biri yumşaq, tüksüz mikrofiber parçadır. Parçanı az miqdarda sabunlu su ilə nəmləndirmək və ya 70 faizlik izopropil spirtindən istifadə etmək mümkündür. Lakin maye birbaşa telefonun üzərinə deyil, parçaya çəkilməlidir.
Təmizliyə başlamazdan əvvəl cihaz söndürülməli və üzərindən qoruyucu çexol çıxarılmalıdır. Mikrofiber parça nəm ola bilər, amma yaş olmamalıdır. Xüsusilə kamera, düymələr, dinamik və digər dəliklərin ətrafında ehtiyatlı davranmaq lazımdır.
Telefonun şarj cihazına qoşulu vəziyyətdə təmizlənməsi də tövsiyə edilmir. Həmçinin cihazın suya davamlı olması onun üzərinə maye tökməyə imkan vermir. Maye kiçik boşluqlardan içəri keçərək elektron komponentlərə zərər vura bilər.
Çexolun da mütəmadi təmizlənməsi məsləhətdir. Plastik və silikon çexollar sabunlu su və ya 70 faizlik izopropil spirtli salfetlə təmizlənə bilər. Dəri çexollarda isə spirtdən istifadə etmək məsləhət görülmür, çünki bu, dərini qurudaraq çatlamasına səbəb ola bilər.
Mütəxəssislər həmçinin kobud parça və kağız dəsmallardan istifadə etməməyi tövsiyə edirlər. Bu materiallar mikroskopik səviyyədə səthi cızaraq zamanla ekran və korpusda görünən izlərin yaranmasına səbəb ola bilər.
Bundan başqa, spirtli salfetlərdən həddindən artıq istifadə etmək də düzgün deyil. 70 faizlik izopropil spirti belə tez-tez tətbiq edildikdə ekranın oleofob örtüyünün tədricən aşınmasına gətirib çıxara bilər.
Jalə

