Özəl

9 ildən sonra adını dəyişir - "Nura" olacaq

9 ildən sonra adını dəyişir - Nura olacaq

Mobil cihazlarda "Linux" əməliyyat sistemini işlətməyi hədəfləyən "postmarketOS" layihəsi təxminən 9 ildən sonra adını dəyişir. Layihənin bundan sonra "Nura" adı ilə fəaliyyət göstərəcəyi açıqlanıb.

Demokrat.az xəbər verir ki, 2017-ci ildə yaradılan "postmarketOS" telefon və planşetlərdə "GNU/Linux" sistemini işlətmək məqsədi daşıyır. "Alpine Linux" bazasında hazırlanan layihə istifadəçilərə "Phosh" və "Plasma Mobile" kimi müxtəlif interfeys seçimləri təqdim edir. Sistem vasitəsilə "Linux" üçün hazırlanmış bir sıra masaüstü tətbiqlərini mobil cihazlarda da işlətmək mümkündür.

Layihənin əsas məqsədlərindən biri istehsalçıların Android yeniləmələrini dayandırdığı köhnə smartfonları yenidən istifadəyə yararlı vəziyyətə gətirməkdir. Bununla belə, müxtəlif cihazların avadanlıqlarını Linux-la uyğunlaşdırmaq ciddi texniki çətinliklər yaradır. Xüsusilə kamera, videonun aparat sürətləndirilməsi və VoLTE kimi funksiyaların işlədilməsi əlavə sürücü və proqram təminatı tələb edir.

Tərtibatçılar hesab edirlər ki, "postmarketOS" adı uzun və tələffüz baxımından çətindir. Bundan başqa, adın müxtəlif formalarda yazılması da qarışıqlıq yaradır. "PostmarketOS", "Postmarketos" və "post-market OS" kimi fərqli yazılışlara rast gəlinməsi layihənin tanıdılmasını çətinləşdirib.

Yeni ad təklifini icma üzvü Davide Depau verib. "Nura" adı Sardiniyada minlərlə il əvvəl inşa edilmiş meqalitik daş qüllələrə verilən "Nuraghe" adından götürülüb.

Layihənin yeni adının üç hecadan çox olmaması, asan tələffüz edilməsi və xüsusi simvollardan istifadə edilməməsi kimi meyarlara cavab verməsi nəzərdə tutulub.

Ad dəyişikliyinə baxmayaraq, layihənin loqosu və digər vizual elementləri dəyişməyəcək. Köhnə postmarketos.org domeninin isə istifadəçiləri yeni "nura.eco" ünvanına yönləndirdiyi bildirilir.

Jalə