Sağlamlıq

Həkimdən yağlardan tamamilə imtina etməyin təhlükəsi barədə xəbərdarlıq

Həkimdən yağlardan tamamilə imtina etməyin təhlükəsi barədə xəbərdarlıq

Arıqlamaq məqsədilə qida rasionundan yağları tamamilə çıxarmaq menstrual siklin pozulmasından sonsuzluğa qədər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə gazeta.ru-ya birinci kateqoriyalı mama-ginekoloq, ultrasəs mütəxəssisi, estetik ginekologiya üzrə ekspert və preventoloq Olqa Puqovkina bildirib.

Puqovkinanın sözlərinə görə, orqanizmdəki piy toxuması sadəcə "kalori ehtiyatı" deyil, tamhüquqlu endokrin orqandır. Məhz bu toxumada androgenləri əsas qadın cinsi hormonları olan estrogenlərə çevirən ferment istehsal olunur. Menopauza dövründə isə piy toxuması estrogenlərin əsas mənbəyinə çevrilir.

"Yağ çatışmazlığı hipotalamik amenoreyanın əsas səbəblərindən biridir. Yağlar kifayət qədər olmadıqda toxluq siqnalını verən leptin hormonunun səviyyəsi azalır. Beyin bunu aclıq kimi qəbul edir və yumurtalıqlara menstruasiyanı ‘dayandırmaq" siqnalı göndərir. Bu, menstrual siklin pozulmasına, ağır hallarda isə amenoreya və sonsuzluğa gətirib çıxara bilər", deyə həkim xəbərdarlıq edib.

Qida rasionunda yağların olmaması intim həyatın keyfiyyətinə də mənfi təsir göstərir. Təbii lubrikantın ifrazı azalır və cinsi əlaqə zamanı ağrı ilə müşayiət olunan disparuniya yarana bilər. Ekspert bunun estrogen səviyyəsinin azalması ilə əlaqəli olduğunu bildirib.

Mütəxəssis yağsız məhsullarla bağlı yaranan tələyə də diqqət çəkib. İstehsalçı məhsuldan yağı çıxardıqda onun dadı pisləşir. Məhsulun satışını təmin etmək üçün isə tərkibə şəkər, şərbətlər, nişasta və qida yükünü artıran dadlandırıcılar əlavə olunur.

"Belə qidalar qanda şəkərin səviyyəsini kəskin yüksəldir, sonra isə sürətlə aşağı salır və insan yenidən aclıq hiss edir. Nəticədə o, yağsız qida qəbul etsə də, daha çox kalori alır və iştahını daha çətin idarə edir", deyə ekspert qeyd edib.

Yağlar olmadan A, D, E və K vitaminləri orqanizm tərəfindən mənimsənilmir. Bu isə immunitetin zəifləməsinə, görmənin pisləşməsinə, sümük sıxlığının azalmasına və narahatlığın artmasına səbəb ola bilər.

Hər bir hüceyrə lipidlərdən ibarət membranla əhatə olunub. Yağ çatışmazlığı zamanı bu membran kövrəkləşir, nəticədə dəri elastikliyini itirir, quruyur və qabıqlanır, saçlar və dırnaqlar isə kövrək olur.

Yağlar həmçinin öd kisəsinin yığılmasını və ödün ifrazını stimullaşdırır. Onların çatışmazlığı zamanı öd durğunlaşa, qatılaşa və çöküntü əmələ gələ bilər. Zaman keçdikcə bu çöküntü öd daşlarına çevrilə bilər. Puqovkinanın sözlərinə görə, qaraciyərin detoksifikasiya funksiyası da pozulur və bu, hormonal disbalansı daha da ağırlaşdıra bilər.

Həkim xəbərdarlıq edib ki, yağların qəbulunu bədən çəkisinin hər kiloqramına 0,6-1 qramdan aşağı salmaq olmaz.

O, qida rasionuna balıq, qoz-fındıq, bitki yağları və yağlı süd məhsullarının daxil edilməsini tövsiyə edib. Orqanizmin çoxlu doymamış, təkli doymamış və doymuş yağ turşuları ilə təmin olunması vacibdir. Buna görə də qidalanma müxtəlif və balanslı olmalıdır.

Həkimin sözlərinə görə, həftədə 2-3 dəfə yağlı balıq yeməyən şəxslər Omega-3-6-9 əlavələrindən istifadə edə bilərlər. Lakin belə əlavələr yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul edilməlidir.

Jalə