Payız mövsümünün başlaması və məktəblərin açılması ilə uşaqlarda burun axması, asqırma və öskürək kimi şikayətlər daha çox müşahidə olunur. Bu əlamətlər həm virus infeksiyalarının, həm də allergik xəstəliklərin göstəricisi ola bilər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər xüsusilə allergiya ilə infeksiyanı bir-birindən ayırmaq üçün bəzi əlamətlərə diqqət yetirməyin vacib olduğunu bildirirlər. Onların sözlərinə görə, hər burun axıntısı infeksiya demək deyil.
Qızdırma infeksiyaya işarə edə bilər
Viral infeksiya zamanı burun axıntısı və asqırma ilə yanaşı qızdırma, boğaz ağrısı, əzələ və oynaq ağrıları, qusma və ya ishal kimi əlamətlər də ortaya çıxa bilər. Bu simptomların olması infeksiya ehtimalını artırır.
Uşaq İmmunologiyası və Allergiya Xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Hikmət Tekin Nacaroğlu qızdırmanın allergiya ilə infeksiyanın fərqləndirilməsində mühüm göstəricilərdən biri olduğunu qeyd edib.
Səhərlər güclənən əlamətlər allergiyadan xəbər verə bilər
Qızdırma və boğaz ağrısı olmadan xüsusilə səhər saatlarında güclü asqırma, burun axması, gözlərdə qızartı və qaşınma müşahidə edilirsə, bunun allergik rinitlə əlaqəli olma ehtimalı var.
Payız və yaz aylarında polenlərin təsiri ilə allergik şikayətlər daha da arta bilər. Çəmən, ot, polen və ev heyvanları kimi allergenlərə qarşı həssaslığın müəyyənləşdirilməsi üçün dəri testlərindən istifadə edilə bilər.
Uzunmüddətli allergiya astma riskini artıra bilər
Nəzarət altına alınmayan və uzun müddət davam edən allergik şikayətlər bəzi uşaqlarda gələcəkdə astmanın inkişafına zəmin yarada bilər. Buna görə də simptomları uzun müddət davam edən uşaqların həkim nəzarətində olması tövsiyə edilir.
Allergenlərə qarşı aparılan müalicə ilə şikayətlərin azaldılmasının mümkün olduğu, erkən qiymətləndirmənin isə gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasına kömək edə biləcəyi bildirilir.
Yuxu və qidalanmaya da diqqət edilməlidir
Məktəblərin açılması ilə uşaqlar arasında infeksiyaların artdığı dövrdə gündəlik həyat rejiminə də diqqət yetirmək vacibdir. Mütəxəssislər uşaqların kifayət qədər yatmasını və balanslı qidalanmasını tövsiyə edirlər.
Xüsusilə yüksək miqdarda istehlak edilən emal olunmuş qidaların və müxtəlif qəlyanaltıların məhdudlaşdırılmasının vacib olduğu vurğulanır.
Jalə

