"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş ulduzu Ueyn Runi son illərdə ictimaiyyətin alışdığı görünüşdən tamamilə fərqli şəkildə ortaya çıxıb.
Demokrat.az xəbər verir ki, bir çox futbolçuda peşəkar karyerasını başa vurduqdan sonra olduğu kimi, Ueyn Runi də 2021-ci ildə futbolu tərk etdikdən sonra nəzərəçarpacaq dərəcədə çəki almışdı. Lakin artıq bu vəziyyət geridə qalıb.
Belə ki, dünən onun və ailəsinin həyatından bəhs edən yeni "Disney+" serialı "The Real Rooneys" yayımlanarkən Runi yeni görünüşü ilə tamaşaçıların qarşısına çıxıb.
"Mundo Deportivo" qəzeti yazıb ki, Runi 40 kiloqram arıqlayıb və illərdir həyat yoldaşını narahat edən xorlamadan xilas olmaq üçün burun estetikası əməliyyatı keçirib.
Keçmiş futbolçunun özünün də açıqladığı kimi, ən diqqətçəkən məqam isə onun bunun üçün hər hansı xüsusi müalicədən istifadə etməməsidir.
"Görünür, son vaxtlar həmin qələmdən (iynədən) istifadə etdiyimi deyirlər. Bu, üzücüdür, çünki arıqlamaq üçün əlimdən gələni edirəm. Görünür, həmin qələmdən istifadə etdiyimi deyirlər", deyə Runi bildirib.
Keçirdiyi burun əməliyyatı barədə isə o, belə deyib: "Burun dəliklərimdən biri ilə düzgün nəfəs ala bilmirdim, ona görə də onu düzəltdirdim".
Beləliklə, həm bu problemin aradan qaldırılması, həm də nəzərəçarpacaq çəki itkisi sayəsində onun xorlamasının da keçmişdə qalacağı görünür.
Sonda "Mançester Yunayted"in keçmiş futbolçusu həyatda özünə yeni məqsəd axtardığını etiraf edib:
"Bunu (televiziya işini) pul üçün etmirəm. Bütün günü evdə oturmaq əvəzinə, arxasınca gedəcəyim bir məqsəd tapmaq istəyirəm. Bir daha məşqçilik etməmək ehtimalım var, ona görə də gələcəyə baxmalıyam... "The Masked Singer" proqramında rol almaq istəyirəm, hətta orada mənə sərt şəkildə hücum etsələr belə".
Jalə


